Deputat: “Qarabağın bərpasında sosial yönümlü sahibkarların da rolu nəzərə alınmalıdır”

Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib və əhəmiyyətlidir.

Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son 17 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır.

Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki, ekoloji təhlükəsizliyin təmin edilməsi və ekoloji strategiyanın koordinasiyası milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Son 30 ildə dünyada ekoloji tarazlığın qorunması, eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarla hərtərəfli fəaliyyəti istiqamətində ciddi nailiyyət əldə olunmuşdur. Lakin, Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın ekoloji terroru nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su ehtiyatlarına, fauna və florasına da ciddi ziyan vurulmuş, qiymətli sərvətlər dağıdılaraq Ermənistana daşınmış, min hektarlarla meşə sahələri qəsdən yandırılaraq məhv edilmişdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib və o torpaqlar yenidən həyata qaytarılmalıdır”. Ölkəmizin ən gözəl regionlarından sayılan Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib və əhəmiyyətlidir.
İstər ekoloji təhlükəsizliyin, istərsə də ekoloji siyasətin ölkənin iqtisadi, sosial və insan resusrlarının dayanıqlı inkişafına olan təsirini nəzərə alaraq, inkişaf strategiyaları təbiət və vətəndaşlar arasında olan əlaqəni gücləndirməlidir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə ekoloji siyasətə nəfəs verən “Hərəyə bir ağac əkək” şüarı qısa müddətdə bütün Azərbaycan ərazisində yüz minlərlə ağacın əkilməsi, əhalinin bu təşəbbüsdə həvəslə iştirakı ekoloji vəziyyətin yaxşılaşdırılmasına şərait yaratmışdır.
Bildiyiniz kimi, “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” in uğurlu icrası üçün sadəcə 10 il qalmışdır. Qlobal gündəliyin arzu olunan məqsəd və hədəflərə nail olması üçün bu il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Eko-sistemin bərpası üzrə onillik” elan olunmuşdur. Eko-sistemin bərpası və qorunması həm insan hüquqlarının təmin olunmasının, həm də yaxşı idarəçiliyin əsas parametrlərindəndir. Qısa müddət ərzində isə bu hədəfə nail olmaq və Qarabağ bölgəsinin zəngin, füsunkar təbiətinin yenidən bərpası yalnız ənənəvi olmayan innovativ metodların istifadəsi və cəmiyyətin bütün təbəqələrinin iştirakı ilə mükəmməl idarəetmənin tətbiqi nəticəsində mümkündür.
Qarabağın dirçəlişinə dair hökumətin müxtəlif istiqamətli konsepsiyalarının hazırlanması zamanı ekoloji stabilliyin təmin olunması ilə yanaşı, “Yaşıl iqtisadiyyat və insan kapitalı” ilə vəhdətin təşkili diqqət mərkəzində olmalıdır. Belə ki, vətəndaş, iqtisadiyyat və təbiət amilləri qərarvermə mərhələsinin əsas dayaq nöqtələri olmalıdır.
Eyni zamanda dövlət və özəl sektorun birgə əməkdaşlığı ilə yanaşı, gənc sosial yönümlü sahibkarların da rolu nəzərə alınmalı və kiçik bir investisiya payının sosial sahibkarlığa istiqamətləndirilməsi yerli sosial inkişafın daha da güclənməsinə təkan verə bilər.
Sosial sahibkarlıq elm, təhsil, səhiyyə, gender bərabərliyi, enerji, keyfiyyətli ərzaqa çıxışın təmin olunmasını, iqlim dəyişməsi, içməli suya olan tələbatın ödənilməsi kimi sosial məsələlərin həllinə innovativ, praktiki və biznes düşüncəsi ilə dayanıqlı həll yolları təqdim edir. Sosial sahibkarlığın inkişaf strategiyalarının icrasında rolunun gücləndirilməsi iqtisadi gücü artırır və investisiyanı uzunmüddətli təsir gücünə malik layihələrə çevirir.
İqlim dəyişikliyi kontekstində Azərbaycanın da qoşulduğu “Paris İqlim Sazişi”ndə nəzərdə tutulan yeni çağırışlara əsasən füsunkar təbiətə malik Qarabağ ərazilərində də beynəlxalq təşkilatlarla əməkdaşlıq əsas və vacib istiqamətlərdən ola bilər.