Deputat: “Qaydalara riayət olunmalıdır”

Məlum olduğu kimi ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər öz bəhrəsini verir. 
XALQ.AZ  xəbər verir ki, Milli məclisin deputatı Vüqar İskəndərov bir müddət əvvəl müsahiblərinin birində qaydalara riayət olunduqca yumşalma addımlarının atılacağı baradə proqnoz vermişdi. Qeyd etmişdi ki, payız-qış ayları xəstəliyin fəallaşma dövrü olsa da tələblərə riayət etməklə yumşalmalara getmək olar:  “Nəzərə alınmalıdır ki, payız-qış mövsümü, həmçinin digər xəstəliklərin də fəallaşdığı dövrdür. COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başlıca vəzifə yeni növ koronavirus infeksiyasının yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir”.
Vüqar İskəndərov həmçinin iaşə obyektlərinin paytaxtda karantin qaydalarına əməl etməklə artıq tam olaraq istifadə edilməsini də məqsədəuyğun hesab etmişdi. 
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumatına görə, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.