Deputat: “Qırmızı Xaç Qərbin əlində alətə çevrilib”

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün ardıcıl addımlar atır. Ermənistanın və onun havadarlarının Qarabağda “humanitar böhran” şousu isə vəziyyəti gərginləşdirməyə xidmət edir. Dövlətimiz Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Eyni zamanda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həmin yol vasitəsilə iki yük maşını humanitar yardım aparıb. Lakin Qarabağın erməni separatçıları həmin yardımdan imtina edərək yolu bağlayıblar. Separatçılar Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi bir yük maşınından ibarət humanitar yardımı da qəbul etməkdən imtina edir. Burada müəyyən kənar qüvvələr Ağdam-Xankəndi yolunun açılmaması üçün pozucu fəaliyyət göstərirlər.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O xatırladıb ki, Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndi şəhərinə çatdırılması üçün ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş 1 tır Bərdə şəhərində gözləyir. Lakin Qarabağda qondarma rejimin qalıqları hələ də bu yük maşınının gəlməsinə imkan vermirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsi isə üzdə məsələni dəstəkləyən kimi görünsə də arxa planda süni şəkildə onu əngəlləyir və Rusiyanın Qırmızı Xaç Komitəsinə təzyiqlər göstərir. Qərb dairələri tərəfindən də Ağdam-Xankəndi yolu ilə bu yükün keçirilməsinə maneçilik törədilir. Qərb dairələri bu məqsədlə BQXK-dan istifadə edirlər. Belə görünür ki, Qırmızı Xaç geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərinə xidmət edir, onların əlində bir alətə çevrilib.

Deputat vurğulayıb ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı vaxtdan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Məsələ ilə bağlı BQXK-nın açıqlaması onların qanunsuz əməllərinə heç bir haqq qazandıra bilməz.

Pərvin Kərimzadənin sözlərinə görə, BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində mövcud formatda fəaliyyəti üçün heç bir hüquqi və humanitar zəmin yoxdur. Hüquqi aspektdən yanaşsaq, 1949-cu il Cenevrə konvensiyaları, onun 1977-ci il protokolları və 2005-ci il Əlavə protokollarının iştirakçısı olan dövlətlər təsisata silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verib. Belə bir vəziyyətdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlikdir. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Ona görə də, təşkilatın Xankəndidəki ofisi İrəvana yox, Bakıya tabe olmalıdır. Eyni zamanda, onların fəaliyyəti Ağdam-Xankəndi yolu üzrə tənzimlənməlidir.

“Bütün bu faktların fonunda BQXK-nın kəşfiyyatçılıq fəaliyyəti həyata keçirməsi, informasiya toplayıb müəyyən mərkəzlərə ötürməsi də istisna deyil. Çünki təşkilat bu gün humanitar missiyadan çox, Qərbin müəyyən dairələrinin xüsusi tapşırıqlarını yerinə yetirən orqana çevrilib”, – deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.