Deputat: “Regionda gərginlik atmosferi yaradılır”

“Aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Layenlə Brüsseldə planlaşdırılan görüşü də regionda sabitliyi pozmağa hesablanıb. Görüşün keçirilməsinə 3 gün qalmış Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərinin atəşə tutulması ilk siqnallardır. Bu bir daha onu deməyə əsas verir ki, Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşü fərqli motivdə təqdim edilsə də, reallıqda hərbi pakt imzalanacaq. Bu paktın imzalanmasını arqumentləşdirmək üçün isə hazırda regionda gərginlik atmosferi yaradılır”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ermənistan-Aİ-ABŞ formatında keçiriləcək yüksək səviyyəli görüşün məqsədi başqadır: “Məlumdur ki, danışıqlarda sülhün detalları axtarılmayacaq. Əldə edilən məlumatlardan da görünür ki, diqqət mərkəzində Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanın siyasi islahatlarına dəstək müzakirə olunacaq. Təbii ki, Avropa İttifaqının, o cümlədən ABŞ-ın niyyəti təmizdirsə, Azərbaycanın masaya gətirdiyi ədalətli sülh prosesini dəstəkləsinlər. Təəssüflər olsun ki, bu belə deyil. Qərb pozucu addımlar atır ki, bu da gərginliyə səbəb olur. Nikol Paşinyan faciəyə aparacaq addımlar atmağa məcbur edilir. Görüşün nəticəsi olaraq Avropa Sülh Fondu kimi təsisatların xətti ilə İrəvana hərbi dəstəyin gücləndirilməsi də mümkündür. Ermənistan hələ də KTMT üzvüdür, Rusiya ilə ikitərəfli hərbi-siyasi müttəfiqliyə malikdir, ölkə ərazisində Rusiyanın hərbi bazası var. Məsələ bundadır ki, Qərb Ermənistanın üzərinə qoyacağı öhdəliyi razılaşdıracaq. Məhz bu öhdəliklər Ermənistan uğrunda Rusiya-Qərb-İran mübarizəsini kəskinləşdirəcək və regionun bütün dövlətləri üçün yeni təhülkəsizlik təhdidləri yaradacaq. Azərbaycanın ədalətli şərtlərilə sülh sazişini imzalamaqdan boyun qaçıran İrəvanla bərabər, onun Qərbdəki himayədarları da ötən üç il yarım ərzində sülh prosesinə ciddi zərbələr vurub və bu istiqamətdəki fəaliyyətlərini hələ də davam etdirirlər”.