Deputat: “Regionun gələcəyi barədə narahatlıqlar təbii ki, başa düşüləndir”

“Azərbaycan bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək siyasəti yürüdən, dinc, sülhsevər dövlətdir. Bu mənada qonşu dövlətlərdə sülh, sabitlik, daxili stabilliyin mövcudluğu bizim dövlətin ümdə arzusudur”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəməov deyib.

Deputat qeyd edib ki, Rusiya Federasiyasında baş verənlər bu ölkənin daxili işi olsa da, həm şimal qonşumuz olması, həm 200 ildən artıq ortaq tariximiz, həm də bu ölkədə 3 milyona yaxın soydaşımızın yaşamasını nəzərə alaraq əlbətdə baş verənləri diqqətlə izləyirik: “Bilirsiniz ki, Rusiya Ermənistan və Azərbaycan arasında artıq keçmişdə qalmış münaqişənin nəticələrinin aradan qaldırılması, davamlı sülh və əməkdaşlıq platformasının qurulması istiqamətində fəaliyyət göstərən, digəri Türkiyə olmaqla, iki dövlətdən biri, imzalanan iki bəyanatda vasitəçi və təminatçı rolunda çıxış edən dövlətdir. Rusiyada baş verən siyasi proseslər fonunda regionun gələcəyi barədə narahatlıqlar təbii ki, başa düşüləndir. Lakin, unutmayaq ki, 44 günlük müharibədə zəfərimizə görə heç bir kənar dövlətə yox, yalnız Azərbaycan ordusuna və Ali Baş Komandanımızın qətiyyətinə borcluyuq. Əlbəttə, Rusiyada, yaxud, hansısa qonşu dövlətdə baş verən əhəmiyyətli proseslərin bölgənin iqtisadi və siyasi ab-havasına, o cümlədən də Ermənistan-Azərbaycan münasibətlərinin sonrakı mərhələsinə formal təsiri mümkündür, lakin heç bir həlledici təsirdən danışmaq olmaz.

Vətən müharibəsindən sonra istər hərbi-siyasi, istərsə də iqtisadi güc mərkəzinə çevrildiyimiz üçün bölgənin gələcək geosiyasi prespektivləri eləcə də rəsmi İrəvanla münasibətlərin axarını biz diqtə edirik. Bu mənada qonşu dövlətlərdə hansı proseslərin yaşanması və nəticəsinin nə olmasından asılı olmayaraq, Azərbaycanın başladığı və Cənubi Qafqaz üçün sülh, sabitlik, çoxsahəli əməkdaşlıq, iqtisadi inkişaf vəd edən platformanın uğurla davam edəcəyinə heç bir şübhə ola bilməz. Bu reallıq Ermənistanın özü də daxil olmaqla bütün region ölkələrinin milli maraqlarına cavab verir”.