Deputat şəhid ailələrini ziyarət etdi-Fotolar

44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun peşəkarlığı, zabit və əsgərlərimizin rəşadəti sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi. Torpaqlarımızın  işğaldan azad edilməsində canını belə qurban verən igid, cəsur zabit və əsgərlərimiz şəhidlik zirvəsinə ucaldılar. Onlar əbədi olaraq xalqımızın qəlbində yaşayacaqlar.

XALQ.AZ xəbər verir ki, İsmayıllı rayonu da bu müharibədə şəhid vermiş rayonlardandır. 28 şəhidi ilə İsmayıllılar da şəhid vermiş digər rayon sakinləri kimi qürur duyurlar.  

Millət vəkili Novruz Aslanov yeni ilin ilk günlərini İsmayıllı rayonunun şəhid ailələrini ziyarət etməklə başlayıb. Belə ki, yanvarın 3-də millət vəkili İsmayıllı rayonuna səfər edərək ilk olaraq şəhidlər xiyabanında şəhidlərimizin məzarını ziyarət etmişdir. Daha sonra İsmayıllı şəhərində 8 şəhid ailəsinin evində olmuş, onların valideynləri və yaxınları ilə görüşmüş, onlara başsağlığı vermişdir. Şəhidlərin ailə üzvləri ilə səmimi söhbət edən deputat dövlətin şəhid ailələrinə qayğısından danışmış, onların problemlərinin həlli üçün bütün lazımi addımların atılacağını bildirmişdir. Millət vəkili də öz növbəsində görüşdüyü səhid ailələrinə ərzaq, məişət lavazimatları və digər zəruri mallarla yardım etmişdir.

Millət vəkilinin tapşırığı ilə köməkçiləri vasitəsilə İsmayıllı şəhərində qazi ailələrinə də ərzaq və digər lazımı ev əşyaları ilə yardımlar edilir.

Növbəti günlərdə də İsmayıllı rayonunun kəndlərində yaşayan qazi və şəhid ailələrinə  millət vəkilinin ziyarəti planlaşdırılır.


XALQ.AZ