Deputat şəhid ailəsinin qayğıları ilə maraqlandı

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin aprel döyüşləri şəhidi Teymur Qasımovun valideyni, Göyçay rayon sakini Mikayıl Qasımovla telefon danışığı baş tutub.

Deputat şəhid atasına başsağlığını bildirərək şəhidimizin ruhunu dərin hüznlə yad etdi. Millət vəkili şəhid ailələrinə dövlətimiz tərəfindən daim göstərilən yüksək diqqət və qayğıdan danışdı, İkinci Qarabağ-Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Qələbə nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını vurğuladı.
Eyni zamanda M.Əfəndiyev aprel döyüşləri qazisi, Ağdaş rayon sakini İlham Məmmədovla əlaqə saxlamışdır. Millət vəkili qazimizi döyüşlərdə əldə edilən qələbənin 5-ci il dönümü münasibətilə, həmçinin İlham Məmmədovun həmin döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətə görə təbrik edib, ona cansağlığı və həyat fəaliyyətində uğurlar arzulayıb.
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Müalicəsi davam edən qazilərimizə isə tezliklə sağalmaqlarını arzu edirik.