Deputat seçicilərə səsləndi

Millət vəkili Elşən Musayev yenidən seçicilərinə, zaqatalalılara müraciət edib.

XALQ.AZ-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hazırda karantin və ümumi qaydalar səbəbindən Sizlərdən uzaq olsam da, əsla və əsla diqqətimdən kənardan deyilsiniz.

Böyüklü – kiçikli bütün müraciətlərə anındaca reaksiya verilir. Yəqin bunu hər biriniz təsdiq edərsiniz. Ürəyim, fikrim, beynim oralardadır. Bir Allah şahid ki, tez bir zamanda sizlələ görüşmək üçün necə tələsirəm və bunu nə qədər çox istəyirəm!Tərəfimizdən artıq 70 ailəyə yardım edilib. Ərzaq yardımı. Dayanmırıq. Davam edirik. Söz verdiyim kimi, ilkin mərhələdə 2 aylıq maaşımı bütünlükdə aztəminatlı ailələrə xərcləyəcəm. Amma söhbət bir tək maddiyyatdan getmir. Böyük mənəvi dünyası olan Zaqatala camaatı məni həm də öz doğmaları kimi daim yanlarında hiss edəcəklər. Daim.

Hər məqamda. Söz verirəm. Hər şey diqqətimizdədir. Nümayəndəm İsaya sonsuz təşəkkür edirəm ki, bu günlərdə bir saniyə belə nəfəs dərmədən işləyir, kəndbəkənd gəzir. Muxaxdan su problemi ilə bağlı müraciət gözlədiyimi demişdim, amma gözləmədim. Su idarəsinin rəhbərindən bir dost kimi xahiş etdim ki, özü şəxsən köməkçimlə bərabər kəndə getsin və problemlə yerində tanış olsun. Sağolsun. Getdi.

Düşünürəm, lazımlı addımlar da yaxın vaxtlarda atılacaq. Car kəndindəki gənc seçicimin bıçaqlanması ilə bağlı məlumat alan kimi dərhal nümayəndəm kəndə gedib. Daha sonra xəstəxanaya. Baş həkimlə daimi kontaktdayam. İnşallah ki, həyatı təhlükə sovuşub. O ailəyə nə kömək lazımsa edə biləcəyimizi demişik.Bayaq Ələsgər kəndindən bir xanım yazmışdı. Valideynlərinin çox çarəsiz durumda olduğunu söylədi. Nümayəndəm artıq onların evinə baş çəkib. Ehtiyaclarını qarşılayacayıq.

***

Dostlar yardımlarımızı verərkən, sovqatımızı imkansız ailələrə təqdim edərkən foto və videolar lentə alıblar. Öz iradələri və təşəbbüsləri ilə. Mənə də göndəriblər. Həmin dostlara müraciət edirəm: Bilirəm, bütün bu gözəl anları, həmrəylik məqamını xoş məramla lentə alırsınız. Xatirə üçün. Amma ehtiyac yoxdur. Çünki bu elədiklərimiz xüsusi hal deyil ki, xatirələrdə qalsın. Bu borcdur. Yaxşılıq deyil, məhz borcdur.

Bu əlahiddə iş deyil, normal bir təzahüratdır. Eləməli olduğumuz işi edirik. Vəzifəmiz budur. Onların evinə gedən ərzaq da, edilən digər köməkliklər də halalca haqlarıdır. Mənim alicənablığım deyil, məhz öz, halalca haqlarıdır!!!

Dəyərli Zaqatalalılar. Əziz seçicilərim! Sizlər mənim ailəmsiz, doğmalarımsız.

Bilin ki, yalnız çətin məqamlarda deyil, elə normal vəziyyətlərdə də malımla, canımla, bütün ruhumla sizlərin qulluğunda və xidmətinizdəyəm”.