Deputat seçiciləri ilə görüşdü

Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşüb.

Səmərəli fikir mübadiləsi ilə keçən görüşdə deputat parlamentdə görülən işlərdən bəhs edib,vətəndaşlar onları narahat edən məsələləri və təklifləri deputata ünvanlayıblar.

Vahid Əhmədov Talabıqışlaq kəndinin sakinlərinə onun “Azərişıq” ASC-yə olan müraciətinə ünvanlanan cavaba əsasən, ilin sonunadək kənddə olan köhnə elektrik dirəklərinin yenisi ilə əvəzlənəcəyi bildirilib.

Görüşdə, öncəki qəbullarda iştirak edən və problemləri həll olan vətəndaşlar da iştirak edib, operativ fəaliyyətinə görə deputata xüsusi minnətdarlıqlarını bildiriblər.

Sonradan,Quba və ətraf rayonlardan gəlmiş 64 nəfər sakin deputat tərəfindən fərdi qaydada qəbul edilib.Qəbul zamanı qaldırılan məsələlərin əsasını bank məsələləri,evlərin təmiri,müharibə veteranı statusunun alınmasında yaranan çətinliklər,məhkəmə qərarlarının icrası zamanı yaranan qanun pozuntuları,işsizlik və s.məsələlər təşkil etmişdir.Ötən qəbullardan fərqli olaraq,bu dəfəki qəbulda bank borcunun silinməsi ilə əlaqədar müraciət edən şəhid ailəsi üzvlərinin sayında artım qeydə alınmışdır.Hər zaman bütün seçicilərinin,o cümlədən şəhid ailəsi üzvlərinin problemləri ilə yaxından maraqlanan,onların həlli üçün səy göstərən millət vəkili Vahid Əhmədova öz məmnunluğunu ifadə edən şəhid ailəsi üzvləri,müharibədə şəhid olmuş şəxslərin və onların ailə üzvlərinin banklara olan borcunun silinməsi məsələsini yenidən Milli Məclisdə qaldırmağı xahiş edib.Millət vəkili,bu məsələni yenidən parlamentin diqqətinə çatdıracağını bildirib.

Qəbul zamanı Quba rayonu İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqə saxlanaraq,vətəndaşları narahat edən məsələlər barədə fikir mübadiləsi aparılıb. Bir çox məsələlər yerindəcə həllini tapıb, qalan məsələlərin həlli üçün aidiyyəti təşkilat və qurumlara müraciətlərin hazırlanması tapşırıqları verilib.

Növbəti qəbul noyabr ayına planlaşdırılıb.