Deputat təklif verdi-“Vəsait səmərəli xərclənməlidir!”

“Bütün dünyada tendensiya vahiddir, təhsil və elm onlara ayrılan vəsaitin müqabilində və həmin vəsaitlərin səmərəli xərclənməsinin müqabilində inkişaf edir”.

Bunu elm və təhsil naziri Emin Əmrullayevin təhsil sahəsinə ayrılan vəsaitin az olması fikrinə münasibət bildirən Milli Məclisin deputatı Etibar Əliyev bildirdi.

 

Millət vəkili söylədi ki, insan kapitalının formalaşması hər elm və təhsil sahəsinin üzərinə düşən böyük bir məsuliyyətdir:

“Bu mənada mən nazirin fikriylə razıyam ki, həqiqətən də, Azərbaycanda elmə və təhsilə ayrılan vəsait kifayət qədər deyil. Ancaq bu vəsait ilbəil artır. Burada əsas problemlərdən biri həmin vəsaitin səmərəli xərclənməsidir. Ali məktəblər əsasən tələbələrin ödədiyi vəsait və dövlət sifarişi ilə təhsil alan tələbələrə ödədiyi vəsaitin hesabına yaşayırlar. Bu vəsaitlərin isə 85 faizə yaxını müəllimlərin maaşına sərf olunur. Orta təhsildə hər bir şagirdə düşən vəsaiti dünya təhsil sistemləri ilə müqayisə edəndə, bu da kifayət qədər yüksək deyil. Milli Məclisdə büdcə məsələləri müzakirə olunanda bizim hər zaman təhsilə və elmə ayrılan vəsaitin məbləğinin artırılması barədə çıxışlarımız olur. Yəni biz deyirik ki, təhsilə, təhsilin bütün pillələrinə vəsaitin həcmi artırılsın və həmin vəsait səmərəli xərclənsin. Cənab Prezidentin sərəncamı ilə üç pilot sahə seçilib, təhsil, kənd təsərrüfatı və ekologiya sahələri, nəticə əsaslı büdcəyə keçid mexanizmləri tətbiq olunur. Bunun məğzi ondan ibarətdir ki, konkret olaraq təhsil ayrılan vəsaitin xərclənməsi nəticə yönümlü olmalıdır. Bu ortamüddətli xərclər çərçivəsində nəticə əsaslı büdcəyə keçidin vəziyyəti bir deputat kimi məni qane etmir, dəfələrlə bu məsələni qaldırmışam. Bu ayrılan vəsaitlər təhsilin inkişafı və keyfiyyətə xidmət göstərməlidir və müəyyən qısa zaman kəsiyində bunlar öz effektini verməlidir”.

E.Əliyev dünya praktikasından bir məsələni də misal çəkərək bildirdi ki, dünyada elmə və təhsilə filantroplar (ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanlar – red.) və xeyriyyəçilər böyük məbləğdə vəsait qoyurlar.

“Ali məktəblərdə elm və təhsil sahəsində qrant layihələrinin həyata keçirilməsi üçün və təhsilin keyfiyyətinin və elmi tədqiqatların aktivliyinin artırılması üçün həmin o filantroplar və xeyriyyəçilər 100 milyonlarla vəsait qoyurlar. Bu, universitetlərin şübhəsiz ki, inkişafına öz sözünü deyir. Ayrılan vəsait birbaşa hansısa zaman kəsiyində keyfiyyətə müsbət təsir göstərir. Bu mənada bizim xeyriyyəçilər, iş adamları ən çox vəsaiti təhsilə və elmə qoymalıdırlar. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm, Türkiyə-Azərbaycan Universiteti regionun yaxın zamanlarda ən nəhəng universitetlərindən biri olacaq, filantropların və iş adamlarının bura vəsait qoyması olduqca vacibdir. Yeni laboratoriyalara, silikon vadilərinə ehtiyac var. Əgər vəsait olsa, ali məktəbin vəsaiti olsa, ali məktəb kiçik startaplar yarada bilər ki, silikon vadiləri yarada bilər ki, tələbələr, praktik işlə məşğul olsunlar və gələcəkdə öz karyeralarını tapa bilsinlər”, – deyə deputat vurğuladı.