Deputat təkliflə çıxış etdi

Erkən nikahların, qohum evliliyinin və istisna hallarda 17 yaşda nikaha izin verilməsi kimi hallarla bağlı tədbir görülməsinin zamanıdır. Mən sadaladığım hər üç halın da tamamilə əleyhinəyəm. Qanunla istisna hallarda 17 yaşda nikaha izin verilsə də, mən bunun tam əleyhinəyəm və bunun 18 yaş kimi qalmasının tərəfdarıyam.

Bu sözləri  açıqlamasında deputat Vüqar İskəndərov bildirib. O qeyd edib ki, ailə nikahları ilə bağlı artıq bir addım atılmasının, tədbir görülməsinin zamanı çatıb:

“Hesab edirəm ki, bununla bağlı da artıq bir tədbir görülməlidir. Genefondumuzu nəzərə almalıyıq. Hər bir ailə istəyər ki, övladı sağlam olsun, cəmiyyət üçün yararlı olsun.
Həm fiziki olaraq, həm də psixoloji olaraq sağlam cəmiyyət qurmaq, sağlam toplum olmaq istəyiriksə erkən nikahlarla, qohum evlilikləri ilə bağlı tədbir görməli, bu halların qarşısını almaq üçün addımlar atmalıyıq.
Qohum evliliklərinin fəsadları kifayət qədərdir. İnsanlarımız özləri bundan qaçmalıdır, qohum evliliyindən uzaq olmalıdır. Qohumla yenidən qohum olmaqdansa, əlaqələri genişləndirmək, yadlarla qohum olmaq lazımdır. Qohumla ailə quranlar dünyaya gələcək övladlarını da düşünməlidir. Bu genimizin sağlamlığı üçün də vacibdir.
Hesab edirəm ki, tezliklə erkən nikahlar, qohum evlilikləri ilə bağlı müəyyən qərarlar qəbul ediləcək. Bu halların qarşısının alınması üçün lazımi tədbirlər görüləcək”.