Deputat: “Tarixi abidələrimizin qorunub saxlanması daim dövlətimizin diqqət mərkəzindədir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar. Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri Qoşa Qala qapılarını da əhatə edib. Bütün bunlar göstərir ki, tarixi abidələrimizin qorunub saxlanması və bərpası daim dövlətimizin diqqət mərkəzindədir. Milli Məclisin deputatı Emin Hacıyev XALQ.AZ-a açıqlamasında bildirib ki,. bu istiqamətdə dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilir. Tariximizin, mədəniyyətimizin və memarlığımızın incisi olan Qədim İçərişəhərdə yerləşən abidələrin konservasiyası və bərpası istiqamətində görülən işlər bu tədbirlərin tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində İçərişəhərin unikal memarlıq-şəhərsalma kompleksi kimi mövqeyinin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılıb. Maddi mədəniyyət nümunələrinin mühafizəsinə və təbliğinə həssas yanaşan Heydər Əliyev Fondu Azərbaycanın tarixi memarlıq ənənələrini və irsini özündə əks etdirən İçərişəhərdə aparılan təmir və bərpa işlərinə dəstəyini əsirgəmir. İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu və bəşər mədəniyyətinə töhfələr verdiyini bir daha təsdiqləyir.