Deputat: “Tarixi qələbənin qazanılmasında xalqın sarsılmaz birliyi və həmrəyliyi mühüm rol oynadı”

Hamıya məlum olduğu kimi, 27 sentyabr –Şəhidləri Anma Günü ərəfəsindəyik. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin hörmət əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Dövlətimizin bu addımı şəhidlərimizin ruhuna, onların doğmalarına  ehtiramın göstəricisidir.

Bu tarix cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hər il Anım Günü kimi qeyd olunacaq. Ölkə başçısının bu sərəncamı şəhidlərimizin, qəhrəmanlarımızın ruhuna dövlətimizin göstərdiyi hörmət və ehtiramın bariz nümunəsidir.

Bunu açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına qazanılmış bu qələbə sayəsində dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğ­runda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yaz­dı. Bu baxımdan qeyd etməliyik ki, Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar idi. İki yüz ildən çox davam edən erməni düşmənçilik siyasətinə qarşı Azərbaycan, tarixin bütün dövrlərində torpaqlarının işğalı ilə  barışmayacağını göstərmişdir.

T.Cəfərova bildirib ki, bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.

2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar vermişlər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.

Şübhəsiz ki, Azərbaycan Ordusunun bu tarixi qələbəni qazanmasında xalqın sarsılmaz birliyi və həmrəyliyi mühüm rol oynamışdır. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.  Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə “dəmir yumruq” olub düşmənin başını əzdi.  44 günlük Vətən müharibəsində hər birimiz Xalq-Ordu-İqtidar birliyinin sarsılmaz bütünlüyünün şahidi olduq. Düşmən üzərində qazanılmış qələbə nəticəsində Azərbaycan xalqının ictimai şüuru yeni inkişaf mərhələsinə qədəm qoydu. Artıq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dərk edir ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin edib. Bizlər artıq bütöv Azərbayacanın vətəndaşlarıyıq.

PƏlbəttə bu gün yaşadığımız qürur və fəxarət hissini Vətən uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını fəda edən qazilərimizə borcluyuq. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa diləyirəm