Deputat Ukraynada vəziyyəti şərh etdi
ABŞ Prezidenti Donald Tramp Ukraynada prezident seçkisinin keçirilməsi təklifindən imtina etdiyinə görə Volodimir Zelenskini tənqid edib. ABŞ və Ukrayna arasında münasibətlərin gərginləşməsi müharibənin gedişinə necə təsir göstərəcək,
Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsi barədə təklifi, ABŞ və Rusiya xarici işlər nazirlərinin Səudiyyə Ərəbistanında baş tutan görüşdən sonra elan olundu:
“Hiss olunur ki, bu daha çox Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Rusiya hesab edir ki, Zelenski hakimiyyətdə olduğu müddətdə sülhün əldə olunması mümkün deyil. Onun xalq arasında nüfuzu cəmi 4%-dir və prezidentlik müddəti ötdüyünə görə legitimliyini itirib. Zelenski, haqqlı olaraq Ukrayna konstitusiyasına istinad edir. Hansı ki, müharibə şəraitində seçkilərin ertələnməsi nəzərdə tutulur. Tramp, seçkidən əvvəl və vəzifəsinin icrasına başladığı gündən müharibəni dayandıracağına söz verdiyindən, tələsik addımlar atır”.
Deputat vurğulayıb ki, Bayden administrasiyasının Ukrayna siyasəti, Avropa İttifaqının apardığı siyasətlə yüzdə yüz üst-üstə düşürdü:
“Ancaq, Trampın siyasəti əvvəlkindən kəskin şəkildə fərqlənir. Buna görə də, nəyin bahasına olursa olsun, müharibə dayandırılmalıdır. Nə dərəcədə, buna nail olacağını, yaxın zaman göstərəcək. Hesab edirəm ki, müvəqqəti atəşkəs rejimi əldə oluna bilər. Lakin, uzun müddətli sülh müqaviləsinin imzalanması, real görünmür. Həddindən artıq ziddiyətli məqamlar mövcuddur. Tərəflərin danışıqlar masasına oturması üçün zəmin yoxdur. Söhbət, təkcə Ukrayna və Rusiyadan getmir, bütövlükdə Avropanın təhlükəsizlik sistemindən gedir. Bir-iki dövləti çıxmaq şərtilə, heç bir Avropa dövləti, Trampın Ukrayna siyasətini dəstəkləmir. Təkzib edilməz faktdır ki, Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz”.