Deputat: ” Unutmamalıyıq ki, mövcud situasiya proseslərin təbii axarının nəticəsi deyil”

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də birgə açıqlamasında da ifadə olunduğu kimi, artıq hər iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşərək münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Bildiyiniz kimi, iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılığa əsasən, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad etməyi öhdəsinə götürmüşdü. Bu gün həmin hərbçilərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilərək bizi yekun sülhə yaxınlaşdıran ciddi amil kimi dəyərləndirilə bilər.

Bunu  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, hərbçilər arasında say nisbətinə gəlincə, unutmamalıyıq ki, bu, hərbçilərin dəyişdirilməsi yox, humanizm dəyərlərinin rəhbər tutularaq etimad quruculuğuna yönəlik və sülhü hədəfləyən xoşməramlı addımdır. Digər tərəfdən, Azərbaycan xalqa və dövlətə qarşı konkret cinayətlərə görə ittiham olunan şəxsləri, o cümlədən separatçıların liderləri və digər terrorçuları təhvil vermir.

“Yəni, bu gün hərbçilərin mübadiləsi 7 dekabr birgə bəyanatının ardınca Qafqazda sülhə doğru aparan ikinci addımdır. Bildiyiniz kimi, razılığa müvafiq olaraq, bundan öncə Ermənistan COP29-a ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləmişdi. Azərbaycan isə xoş niyyətin təzahürü olaraq, Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyinə dəstək vermişdi. Əlbəttə, bu kimi nəticələr iki ölkə arasında qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək gedişlərdir və beynəlxalq ictimaiyyət də bu səyləri dəstəkləməlidir. Lakin unutmamalıyıq ki, mövcud situasiya proseslərin təbii axarının nəticəsi deyil, bu reallığa Prezident İlham Əliyev hərbi-siyasi yolla nail olub. Əgər Azərbaycanın istər Vətən müharibəsindəki Qələbəsi, dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti ilə aprel ayında Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi, habelə antiterror tədbirləri ilə cəmi 23 saata separatizmə öldürücü zərbə vurulmasaydı, bu gün etimad quruculuğu prosesi və yekun sülhə doğru real addımlardan danışa bilməzdik”, – deyə Bəhruz Məhərrəmov vurğulayıb.