Deputat: “Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir”

“Dünyada siyasi maraqlar uğrunda qızğın mübarizənin getdiyi çətin bir dövrdə Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. O bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün beynəlxalq tribunalarda öz haqq səsini dünyaya çatdırır, müstəqil mövqeyini bildirir, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurur.

“Təəssüf ki, dünyada ədalətli sülhün tərəfdarı olan ölkəmizin müstəqil dövlət olmasını, öz iradəsinə arxalanaraq daxili və xarici siyasət yürütməsini həzm edə bilməyən qüvvələr öz məkrli əməllərindən əl çəkmilər. Azərbaycanın böyük uğurlar qazanması, beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsi anti-Azərbaycan dairələri, ermənipərəst qüvvələri daim ciddi şəkildə narahat edib”.

Deputat deyib ki, XIX və XX əsrlərdə xalqımız dəfələrlə erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləməyə, soyqırım və təcavüzkarlıq siyasətinə məruz qalıb.

“Təkcə XX əsrin 90-cı illərində Ermənistan bəzi dövlətlərin dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edib, 1 milyondan artıq soydaşımızı öz yurdundan, dədə-baba ocağından didərgin salınıb. Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırım siyasətinin davamı olan Xocalı faciəsi zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Bu vəhşilikləri, insanlığa sığmayan cinayət aktını törədən erməni millətçiləri və onların havadarları öz siyasi məqsədləri naminə tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı gündəmə gətirməyə çalışırlar.

Deputatın sözlərinə görə, saxta erməni tarixçiləri nə vaxtsa “böyük Ermənistan” adlı dövlətin mövcud olması iddia edir və bu uydurma dövlətin ərazisinin Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları olduğunu göstərirlər.

“Özlərini erməni adlandıran bu etnosun tarixinə nəzər saldıqda onların çox zaman böyük dövlətlərin hakimiyyəti altında olduğunu, “böyük Ermənistan” adının çəkildiyi tarixdə bu adda dövlətin mövcud olmadığının şahidi oluruq. İlk mənbələr sübut edir ki, tarixi saxtalaşdıran ermənilərin və ermənipərəst müəlliflərin dəqiq mənbələrə söykənən dəlilləri olmadığı üçün cızmaqaralarının heç bir elmi əsası yoxdur”.

Pərvin Kərimzadə deyib ki, əlləri yüz minlərlə türkün qanına boyanan, qatı şovinistliyi ilə tanınan, türk düşmənçiliyini dövlət siyasətinə çevirən erməni daşnakları hər il aprel ayının 24-də uydurma “erməni soyqırımı” yalanını təmtəraqlı şəkildə qeyd edirlər.

“Acınacaqlı haldır ki, özlərini “məzlum”, “əzabkeş”, “yazıq”, “köməksiz” qismində dünya birliyinə təqdim edən ermənilərə havadarlar da tapılır. Aprelin 24-ü Fransada qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü elan edən Prezident Emmanuel Makrona xatırlatmaq lazımdır ki, XIX əsrin əvvəllərindən çar Rusiyasının Cənubi Qafqazın işğalına başlaması ilə İrandan və Osmanlı imperiyasının ayrı-ayrı əyalətlərindən köçürülən ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilməklə imperiya maraqlarına uyğunlaşdırılıb. 1918-ci ilin mart günlərində ermənilər təkcə Bakıda üç gün ərzində 12 min, Şamaxıda 8-12 min, bütövlükdə qəzanın 72 kəndində 40 min, Quba qəzasında 7-8 min nəfərdən çox, Zəngəzur qəzasında 10068 nəfər azərbaycanlını qanına qəltan ediblər”.

Millət vəkilinin sözlərinə görə, sevindirici haldır ki, Fransa ziyalıları bu məsələyə biganə qalmır, haqqlının yanında olduqlarını bildirirlər.

“Fransada Respublika (“La Republique en Marche”) Partiyasının deputatı Filip Folyo bildirib ki, Fransa kiməsə dərs verə bilməz və bunun üçün əlverişli mövqeyə də malik deyil. Biz özümüz öz tariximizə fəxrlə yanaşırıq, halbuki çox hadisələr baş verib. Fransa Sosialistlər Partiyasından olan deputat Jerom Lamber dövlət başçısı Emmanuel Makronun Fransada qondarma “erməni soyqırımı qurbanlarının” xatirəsi günü ilə bağlı qərarını mənasız adlandırıb. Fransa Demokratlar, Radikallar və Liberalların Birliyi Partiyasının deputatı Andre Vilye ölkə tarixinə salınanbu hadisənin, əslində, Fransaya heç bir aidiyyəti olmadığını söyləyib.

Aydın məsələdir ki, təcavüzkar erməni millətçiləri yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətini dünyada erməni birliyini bir arada tutmağa çalışan “erməni soyqırımı” pərdəsi arxasında gizlətməyə çalışıblar. Onlar yaxşı bilirlər ki, qondarma “erməni soyqırımı” iddiasının iç üzü ortaya çıxsa erməni birliyi dağılmış olar, erməni lobbisinin, və onlara havadarlıq edən bəzi imperialist güclərin siyasi ambisiyalarının məkrli planları baş tutmaz.

Bu gün erməni lobbisi müxtəlif vasitələrdən istifadə edərək ölkəmizin müsbət beynəlxalq imicinin üzərinə kölgə salmağa Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən döndərməyə cəhd edirlər. Lakin unudurlar ki, xalq-iqtidar birliyinin bərqərar olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda inamla irəliləyir, müstəqil və prinsipial siyasət həyata keçirir, bütün dünyada öz maraqlarını qətiyyətlə müdafiə edir. Tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan əzəli və əbədi torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq”.

 

Orxan