Deputat: “Xalqımıza qarşı soyqırımları törədənlər məsuliyyət cəlb olunacaqlar”

Azərbaycan Ordusunun yüksək peşəkarlıqla yerinə yetirdiyi lokal antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdəki qanunsuz birləşmələri ağ bayraq qaldırdı. Onların Qarabağla bağlı məkrli siyasətləri uğursuzluqla nəticələndi. Separatçı rejim dağıldı, rəhbərləri isə həbs edilir.

Mövzu ilə bağlı deputat Arzu Nağıyev danışıb: “Təkcə Qarabağ ərazisində deyil, sərhəd bölgələrində də törətdikləri cinayətlərə görə xunta rejiminin hər bir nümayəndəsi məsuliyyət daşımalıdır. Xalqımıza qarşı soyqırımları törədən, indiyə qədər hətta məzarı belə olmayan, əsir və girovlara olmazın işgəncə verən bu rejimin rəhbərləri və iştirakçıları mütləq şəkildə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bu istiqamətdə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, eyni zamanda Hərbi Prokurorluq öz işini ən yüksək səviyyədə qurub və cinayətkarların əksəriyyəti interpolda axtarışdadır. Təbii ki, həbs edilərək, cinayət məsuliyyətinə cəlb olunanlar da var. Laçın sərhəd-nəzarət-buraxılışı məntəqəsindən qaçmağa cəhd edən bir sıra cinayətkarlar da həbs olundu. Vaxtilə özlərini müxtəlif vəzifələrlə təmin etmiş dırnaqarası prezidentlər, baş nazirlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki bunlar birbaşa Azərbaycan dövlətinə, dövlətçiliyinə təhdid yaradıb, xalqımıza qarşı törədilən cinayətlərin səbəbkarları, icraçıları və yaxud əmr verəni olublar. Lokal antiterror tədbirlərindən sonra artıq keçmiş dırnaqarası prezidentlər, döyüşçülər də cinayət məsuliyyətinə cəlb edilirlər. Yəni istintaq əməliyyatları mütləq şəkildə öz nəticəsini verəcək və proseslər hüquqi müstəvidə davam edəcək. Onlar vəkillərlə təmin ediləcək və beynəlxalq konvensiyalara uyğun olaraq müvafiq istintaq əməliyyatları aparılacaq. Sarkisyanlar, Koçaryanlar düşünməsinlər ki, Azərbaycan xalqına qarşı vəhşiliklər törədib, sonra gedib Ermənistanda yüksək postları tutacaqlar. Bilsinlər ki, heç bir havadarları onlara bu işdə kömək edə bilməzlər. Bizim qətiyyətli Ali Baş Komandanımız, Dövlət Təhlükəsizlik Xidmətimiz, hüquq-mühafizə orqanlarımız var. Bütün problemlərin həlli ən yüksək səviyyədə, peşəkarlıqla, sona çatdırılacaqdır”.

Arzu Nağıyev,

Millət vəkili.