Deputat: “Yeni dövrdə Azərbaycan Prezidentinin rəhbərliyi altında qarşımızda duran vəzifələrin öhdəsindən uğurla gələcəyik”

2020-ci il mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk iclasdakı çıxışı bizim fəaliyyətimizin əsas istiqamətlərini müəyyənləşdirən yol xəritəsidir.

Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Ramin Məmmədov bildirib.

Deputat qeyd edib ki, Parlamentin yeni tərkibdə ilk iclasından keçən bir il ərzində tarixə düşəcək çox mühüm hadisələr baş verdi.

Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük qələbəyə imza atan Azərbaycan ordusu və xalqı tarixin gedişini tamamilə dəyişdi.

Bu gün bütün regionda yeni reallıq və yeni situasiya yaranıb. Biz artıq qalib dövlətin vətəndaşlarıyıq. Bu, üzərimizə düşən məsuliyyəti artırır, bizi daha diqqətli, fəal olmağa sövq edir. Əminəm ki, bu yeni dövrdə Azərbaycan Prezidentinin rəhbərliyi altında qarşımızda duran vəzifələrin öhdəsindən uğurla gələcəyik. Güclü liderimiz, qüdrətli dövlətimiz, milli birliyimiz və həmrəyliyimiz sayəsində.