Deputat yeni tədris ili üçün təkliflər verdi

Avqustun 17-də Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan deputatların iştirakı ilə videokonfrans keçirilib. Koronavirus pandemiyası şəraitində təhsil problemlərinin müzakirəyə çıxarıldığı tədbirdə yeni dərs ilinə hazırlıqla bağlı Təhsil Nazirliyinin gördüyü işlər barədə məlumat verilib. Vəziyyətdən çıxış yolu olaraq irəli sürülən  təkliflər geniş müzakirə olunub. Deputatlarla aparılan müzakirələrdə COVID-19 koronavirus infeksiyasının səbəb olduğu pandemiya şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına dair Təhsil İnstitutunun hazırladığı təkliflərə geniş yer ayrılıb. Maraqlı müzakirə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüş istər tədbirin iştirakçıları, istərsə də təhsil ictimaiyyətinin marağını cəlb edib.

Milli Məclisin deputatı Şahin Seyidzadə Təhsil nazirinin təşəbbüsü və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan deputatların iştirakı ilə videokonfransı qarşılıqlı mövqenin öyrənilməsi və eyni istiqamətli mövzu ətrafında fikir mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qənaətindədir. Onun fikrincə, belə müzakirələr ilk növbədə qarşılıqlı əməkdaşlığın artırılmasına, təhsildə doğru qərarların verilməsinə xidmət edir: “Yeni dərs ili ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparıldı. Pandemiyanın təhsildə səbəb olduğu fasilələrin nəticələrinin aradan qaldırılması, yeni fasilələrə səbəb olmaması üçün çıxış yolu olaraq təkliflər müzakirə edildi”.

Konfransda təkliflərlə çıxış edən Ş.Seyidzadənin fikrincə, yeni tədris ilinə hazırlıqla bağlı müxtəlif yanaşmalar var : “Burada vacib amil uşağın təhlükəsizliyi və sağlamlığıdır. Müxtəlif xarici ölkələrdə uşaqların koronavirusa yoluxması bir neçə ədədli rəqəmlərlə ifadə olunursa, Azərbaycanda bu, demək olar ki, yox səviyyəsindədir. Bu da Azərbaycan hökumətinin uğurlarından biridir. Təhsil çox böyük sahədir. Sadəcə orta təhsildə  təhsilalan və təhsilverənlərin 1 milyon 600 mindən artıq insanı əhatə etməsi təhsildən  çox çevik qərarlar tələb edir”.

Ş.Seyidzadənin fikrincə, məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə distant təhsil formatının effektivliyi aşağıdır. Ona görə də yuxarı siniflərlə müqayisədə onlara sinifdə də tədris daha məqsədəuyğundur. Buraxılış sinifləri də xüsusi yanaşma tələb edir. Onların hazırlığına dəstək verilməli, qiymətləndirilmə təşkil edilməlidir”.

Nazir Emin Əmrullayevin konfransda ötən dərs ilinin nəticələrini müəyyən etmək üçün diaqnostik qiymətləndirmə keçiriləcəyinə dair fikirlərinə toxunan deputat bunu vacib yanaşma hesab edir: “Yeni dərs ili başlayanda diaqnostik qiymətləndirmə keçiriləcək. Ötən dərs ilində  yeni tətbiq edilən  yanaşmaların nəticələri müəyyən olunacaq və aradan qaldırılacaq. Bu, çox əhəmiyyətli məqamdır”.

Ümumiyyətlə, deputat hesab edir ki, təhsildə verilən bütün qərarlar çevik, həssas və kifayət qədər düşünülmüş olmalıdır. Hər hansı risk ehtimalı varsa, bütün məqamlar nəzərə alınmalıdır.