Deputat:“Azərbaycanın dəmir yumruğu yerindədir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri ölkəmizin hərtərəfli inkişafının təcəssümü baxımından əlamətdar hadisələrlə yadda qaldı. Dövlətimizin başçısının Naxçıvana səfəri zamanı muxtar respublikada quruculuq işləri ilə tanış olması, müəyən infrastruktur layihələrinin açılışını etməsi dinamik inkişafımızın ifadəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, cənab Prezidentin Ordubad dəmir yolu stansiyası ilə tanışlığı isə yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılacağına dair mesajdır. Tarixi Zəfər nəticəsində yeni  nəqliyyat dəhlizinin açılması sayəsində Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyulacaq. Zəngəzur dəhlizinin yaradılması Naxçıvanın blokadasına son qoymaqla yanaşı türk dünyasını coğrafi baxımdan birləşdirəcək. Çünki, Naxçıvan türk dünyasının qapısı hesab olunur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaq. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Artıq Horadiz-Ağbənd dəmir yolunun təməli qoyulub. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə isə inşa ediləcək. Bu gün Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Bir sözlə, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.
Fatma Yıldırım qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsi nəticəsində həlli bütövlükdə regionumuzun inkişafı üçün geniş imkanlar açır. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, təslim olsun və kapitulyasiya aktına imza atsın. Dövlətimizin başçısının qeyd etdiyi kimi, artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.
“Cənab Prezident Naxçıvan səfəri zamanı Ermənistandakı revanşist qüvvələrə bir daha xəbərdarlıq edib. Əgər revanşistlər hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Əgər zərrə qədər təhlükə olarsa, dərhal yerlərindəcə məhv ediləcəklər. Çünki Azərbaycanın dəmir yumruğu yerindədir”,-deyə millət vəkili vurğulayıb.