Deputatdan təklif: Kiçikgüclü skuter və mopedləri qeydiyyata alıb onlara dövlət nömrə nişanları verilsin


Milli Məclisin deputatı, professor Rüfət Quliyev kiçikgüclü motosikllər, skuterlər, mopedlər və digər bu qəbildən olan nəqliyyat vasitələrinin qeydiyyata alınması, nömrə nişanları ilə təmin olunması məsələlərinin vacibliyini Milli Məclisin plenar iclasında müzakirəyə çıxarmağı planlaşdırır.
Deputat bildirib ki, bu tipli nəqliyyat vasitələrinin qeydiyyata alınmasının tənzimlənməsinin zəruriliyi onların yollarda mürəkkəb vəziyyət yaratmaları ilə bağlıdır.
Bu nəqliyyat növlərinin fəaliyyətinin tənzimlənməsi mexanizmi olmadığından demək olar ki, yollarda vəziyyət acınacaqlı haldadır. Buna görə də qəza vəziyyətləri yaranır və nəticədə çox sayda insanlar xəsarət alır, həlak olurlar ki, onların əksəriyyəti sürücülərdir. Belə hadisələr isə adi hal qəbul edilir.
Skuterlərin, motorollerlərin və s. sürücüləri bir çox yol hərəkəti qaydalarını pozaraq velosipedçilər kimi yollarda istədikləri kimi hərəkət edirlər. Deputat qeyd edib ki, belə vəziyyət dözülməzdir və həllini gözləyir.
Qeyd olunan nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyəti ərzaq və digər qida məhsullarını sifarişlə daşıyanlardır ki, onların da sayı pandemiya ilə əlaqədar dəfələrlə artıb.
Deputat qeyd edib ki, mövcud problemlər barədə daşınma və çatdırılma xidmətlərinin rəhbərlərilə danışıb. Onlar da belə vəziyyətin yolverilməzliyini deyir və qeyd ediblər ki, bu problemlə əlaqədar onlara da çox şikayətlər daxil olur, onlar da təxirəsalınmaz tədbirlərin görülməsini zəruri hesab edirlər.
Həmçinin məlum olub ki, “təkərlər üstündə” ki daşıyıcılar bu şirkətlərin daimi əməkdaşları deyillər, ancaq müqavilə əsasında işləyirlər. Bu sürücülərin səhlənkarlıgı üzündən hər gün yollarda acınacaqlı hallar baş verir ki, nəticədə də şikayətlərin sayı durmadan artır.
Problemin həlli üçün mövcud qanunvericiliyə belə nəqliyyat vasitələrinin sahiblərinin onların qeydiyyata alınması, dövlət nömrə nişanlarının alınmasının məcburiliyini nəzərdə tutan əlavə və dəyişikliklər edilməlidir.
Beləliklə də bu nəqliyyat vasitələrinin sahiblərinin hüquqlarını motosikl və maşınların sahiblərinin hüquqları ilə eyniləşdirmək lazımdır. Skuterlərdə və digər kiçikgüclü nəqliyyat vasitələrində dövlət nömrə nişanlarının olması imkan verəcək ki, qəza törədənlər, yol hərəkəti qaydalarını pozanlar operativ şəkildə tapılsınlar.
Mövcud qanunvericiliyə görə skuter elə velosiped kimi nəqliyyat vasitəsidir, əslində isə bu belə deyil. Çünki, skuter nə motosikl, nə də avtomobildir. Buna görə də hakimiyyət strukturları bu nəqliyyat sahiblərinin fəaliyyətini nə tənzimləyə, nə qeydiyyata almağa, nə də qayda pozuntularına görə onları cəzalandıra bilir.
Deputat təklif edir ki, fəaliyyətdə olan qaydalar məcmusuna dəyişikliklər edilsin ki, belə nəqliyyat vasitələri yaşayış yerləri üzrə məcburi qeydiyyata salınsınlar, sonra isə dövlət nömrə nişanları və sürücülük vəsiqələri məsələsi həll edilsin.
R.Quliyev vurğulayır ki, bu sahədə qayda yaratmaq üçün sovet dövrü qaydalarının- mühərrikinin gücü 400 kub.sm- ə qədər olan nəqliyyat vasitələrinə sürücülük vəsiqəsi və nömrə nişanlarının tələb olunmaması qaydalarını, dəyişmək lazımdır. Sovet dövründə saatda 15 km sürət məsələsi mövcud idi, indi isə bu rəqəm 70- dir. Bu, artıq keçən əsrin kiçik mühərrik əlavə edilmiş velomopedi deyil. Bu tipli müasir nəqliyyat vasitələri olduqca güclüdürlər. Müvafiq tənzimləmə qaydalarınım olmaması yollarda xaos yaradır ki, bundan da hamı- piyadalar, sürücülər, ilk növbədə isə skuteristlər zərər çəkir. Rəsmi məlumatlara görə kiçik nəqliyyat sürücüləri arasında ölüm halları daha çoxdur. Buna görə də deputat israr edir ki, mövcud qanunvericiliyə hökmən dəyişiklik edilməlidir və bu, günün tələbidir
Deputatın əsaslı məntiqinə görə onları qeydiyyata almaq, fəaliyyətlərini tənzimləmək, monitorinq etmək və pozuntu hallarında cəzalandırmaq üçün bu lazımdır. Əks təqdirdə onlar cəzasız qaydada yol hərəkəti qaydalarını pozurl, problem yaradıb, aradan çıxırlar. Paytaxtda yüzlərlə skuterlər olduğundan qaydaları pozanları necə tapmaq olar?
R. Quliyev əlavə etdi ki, bu məsələlərlə bağlı parlamentə müraciət hazırlayır və Milli Məclisin plenar iclasında da bu barədə çıxış edəcək. Məsələnin həllinə kəskin ehtiyac duyulur. Çünki, piyadalar və sürücülərdən daxil olan şikayətlər də səngimək bilmir. Qəzalarda həlak olanlara, xəsarət alanlara adam heyifsilənir ki, əksəri cavan olan bu şəxslər adi məsuliyyətsizlikdən ya xəsarət alır, ya da dünyalarını dəyişirlər. Belə halların qarşısını tam kəskinliyi ilə almaq hamımızın borcudur.