Deputat:”Dövlətimiz işğaldan azad edilən ərazilərdə yeni infrastruktur yaradılmasına qadirdir”

Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır.

Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı bu məsələ ilə bağlı qarşıya qoyulan hədəfləri cəmiyyətimizə çatdırıb. Azərbaycan güclü dövlət kimi işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı həmin müşavirədə vurğuladı ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb. Ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün bu ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub.

Artıq işğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsi, yenidənqurma və sairə işlər aparılır. Bununla bağlı müvafiq dövlət proqramı da hazırlanıb. Hər şey plana uyğun olaraq həyata keçirilir. Hesab edirəm ki, vətəndaşlarımızın tam təhlükəsizliyi bərpa edildikdən və rahat yaşaması üçün lazım olan bütün infrastruktur yaradıldıqdan sonra onların köçülməsi prosesinə başlanılacaq. Bütövlükdə, bu ərazilərimizin yaxın illərdə yüksək səviyyədə bərpa olunacağına və insanlarımızın həmin ərazilərə köçürüləcəyinə inanıram.

Jalə Əhmədova

Milli Məclisin deputatı