Deputat:”Ermənistan siyasi hakimiyyəti səhvlərini davam etdirir”

“Ermənistan Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan imtina etməsi, hər şeydən əvvəl, onun müstəqil siyasət aparmaq iqtidarında olmaması ilə bağlıdır”.
Bu barədə millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, Ermənistan siyasi hakimiyyəti indiyə qədər buraxdığı silsilə səhvlərini davam etdirir:
“Fransa Prezidenti Emmanuel Makron nə diktə edirsə, Paşinyan da onu icra edir. Əfsuslar olsun ki, Ermənistan baş verən hadisələrdən düzgün nəticə çıxara bilmir. Qonşularla münasibətlərini normallaşdırmaq əvəzinə, böyük güclərin əlində maşa rolunu oynamaqda davam edir. Hiss olunur ki, Paşinyan MDB dövlət başçıları arasında özünü narahat hiss edir. Ələlxüsus, Prezident İlham Əliyevlə tet-a-tet görüşdən çəkinir. Azərbaycan Prezidentinin intellekti, diplomatik gedişləri, beynəlxalq nüfuzu, hadisələrə yanaşma tərzi qarşısında Ermənistan baş naziri olduqca cılız görünür”.
  Parlament üzvünün sözlərinə görə, digər səbəb isə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmağa cəhd etməsidir: “Nikol Paşinyan çalışır ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasını Qərb bazaları ilə əvəzləsin. Düşünürəm ki, bu siyasət regionda gərginliyin artmasına səbəb olacaq. Hətta yeni müharibə ola bilər. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün ən yaxşı platforma Gürcüstanın paytaxtı Tbilisi ola bilər. Brüssel, Moskva formatlarından fərqli olaraq, Tbilisi hansısa koorporativ maraqlar güdmür. Üç Cənubi Qafqaz respublikası gələcəklərini xarici təsirlər olmadan, özləri qurmalıdır