Deputatın şəhid ailəsinə görə “YAŞAT” fonduna müraciəti müsbət həll olundu

Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə qayğı ilə yanaşmaq, onların sosial problemlərinin həllinə köməklik göstərmək cəmiyyət olaraq əsas vəzifələrimizdən biridir.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Deputat qeyd edib ki, çox qürurverici haldır ki, xalq olaraq bu məsələdə birlik və həmrəylik nümayiş etdiririk. Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş oğullarımızın ailələri, sağlamlığını itirmiş qazilərimiz dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. Eyni zamanda, Prezident cənab İlham Əliyev tərəfindən yaradılmış “YAŞAT” Fondu cəmiyyətimizin bu prosesdə fəal iştirakının təmin olunması baxımından böyük önəm kəsb edir.“YAŞAT” Fondu yarandığı vaxtdan daim şəhid ailələrinin, qazilərin sosial problemlərinin həlli ilə yaxından məşğul olur, edilən müraciətlərə çevik reaksiya verir. Bütövlükdə,

Fondun fəaliyyəti xalq, cəmiyyət olaraq bu məsələdə birliyimizin təzahürüdür.

F. Yıldırım bildirib ki, Bərdə rayonunun Əyricə kəndindən olan şəhidimiz Quluyev Mehman Telman oğlunun ailəsinin mənzil-məişət şəraitinin ağır olması və təmirin tezləşdirilməsi ilə bağlı müraciətimizə “YAŞAT” Fondu tərəfindən müsbət cavab verilib. Artıq evin təmiri üçün nəzərdə tutulmuş vəsait ailəyə ödənilib. Eyni zamanda, şəhidimizin qızı Damla balamızın səhhəti ilə bağlı müalicəsi də fond tərəfindən nəzarətə alınmışdır.

“YAŞAT” Fonduna çevik fəaliyyətinə görə təşəkkürümüzü bildiririk!