Deputatlar qanvermə aksiyasında iştirak edəcəklər

Miladi təqvimi ilə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. Aşura günü isə iyulun 28-nə təsadüf edir. Bu il də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə Aşura günü qanvermə aksiyası keçiriləcək.

 

Milli Məclisin deputatlarının aksiyada iştirak edib-etməyəcəkləri ilə bağlı sorğu keçirib.

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, uzun illər qanvermə aksiyasında iştirak edib:

“Ancaq son illərdə pandemiya, həm də yaşla əlaqədar aksiyada iştirak etməyi bizə müəyyən qaydada icazə vermədilər. Amma lazım olarsa, sözsüz ki, qan verərik. Bu, çox humanist bir tədbirdir. Həm də insanın öz sağlamlığı üçün vacibdir. Hər kəsin qanvermə aksiyasında iştirak etməsi əhəmiyyətlidir. Çünki bir çox hallarda verilən qan başqa insanların həyatının xilas olmasında rol oynayır. Sözsüz ki, bu da qürurverici haldır”.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli də aksiyada iştirak etməyəcəyini deyib:

“Aksiyada iştirak etməyəcəyəm, belə bir planım yoxdur”.

 

Rüfət Quliyev isə belə cavab verib:

“Əgər Bakıda olsam, hər halda iştirak edərəm…”

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa  aksiyanı təqdirəlayiq hal kimi qiymətləndirib:

“Hər hansı şəkildə aksiyada iştirak etməsəm də, iştirak edənləri təqdirlə qarşılayıram. Çünki Aşura günündə zorakılıq etmək, özünə xəsarət yetirmək əvəzinə qanvermə aksiyası daha mütərəqqi bir seçimdir…”

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə həmkarından fərqli olaraq aksiyada iştirak edəcək:

“Qanvermədə iştirak edəcəyəm, lakin harada olması barədə öncədən deyə bilmərəm”.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov aksiyada iştirak edə bilməməsinə belə aydınlıq gətirib:

“Əvvəlcə bunu deyim ki, mənim qanım müsbət 1-dir. Yəni donoram, istənilən insana qanım yarayır. Məsələ burasıdır ki, bu yaxınlarda rayonda yaxın adamlardan birinə donorluq etmişəm, qan vermişəm. Hesab edirəm, ikinci dəfə qan vermək artıq səhhətimdə problemə səbəb ola bilər. Buna görə də aksiyada iştirak edə bilməyəcəm”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov isə sual belə cavab verib:

“Yəqin ki, iyulun 28-də Şəkidə olsam, oradakı Mərkəzi Qan Bankında qan vercəyəm. Bakıda olsam, Bakıda da aksiyaya qoşulacağam. Digər dostlarımızı da aksiyaya qoşulmağa dəvət edirəm”.