Deputatlar “Xilaskar” ordeni təsis edilməsini, Prezident İlham Əliyevin bu ordenlə təltif olunmasını təklif ediblər

Ali Baş Komandanı Tarix, Zəfər yazdı, 32 illik qanlı münaqişəni Qələbə ilə sonuclandırdı.

XALQ.AZ-ın məlumatına görə bunu Milli Məclisin son keçirilən iclasında deputat Jalə Əliyeva deyib.

44 günlük tarixi və möhtəşəm İkinci Vətən Müharibəsi ilə Azərbaycan Ordusu və bu Ordunun Sərkərdəsi, Ali Baş Komandanı Tarix, Zəfər yazdı, 32 illik qanlı münaqişəni Qələbə ilə sonuclandırdı. Mən hələ ötən iclasda da cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edərkən, xalqımızın onu artıq Qurucu, Xilaskar, Qalib Sərkərdə, Milli Qəhrəman, Xalq Qəhrəmanı, Müzəffər Ali Baş Komandan adlandırdığını və Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərini vəsf etmək üçün sözlərin aciz olduğunu bildirmişdim. İndə isə, keçdiyimiz böyük yolun bütün amillərini özündə əks etdirəcək olan ən ali ad, ən ali titul təsis edilərək, məhz dövlət başçısı-bütün Qələbələrimizin səbəbkarı və təminatçısı olan cənab İlham Əliyevə təqdim edilməsini təklif etdim. Bu, düşünürəm ki, çox ədalətli, tarixi bir qərar, addım olardı. Çünki biz əgər bu gün bu mübarizəmizdə böyük igidlik, qəhrəmanlıq göstərən insanlarımızın təltif edilməsindən danışırıqsa, o zaman bu Qəhrəmanların Qəhrəmanı-ən böyük Xilaskarımız, Müzəffər Ali Baş Komandanımız olan cənab İlham Əliyev bu adların ən böyüyünə layiqdir. Bu, əminəm ki, təkcə mənim deyil, bütün millət vəkili həmkarlarımın, eyni zamanda və birinci növbədə Azərbaycan xalqının fikri, arzusu, yekdil mövqeyidir.

“Biz Prezident İlham Əliyevin orden və medallarla bağlı addımı Milli Məclis tərəfindən dəstəkləyirik”. İclasda Fazail Ağamalı çıxış edərək deyib ki, böyük igidlik göstərən hərbçilərimiz orden və medallarla təltif olunacaq: “Bəs niyə cənab Prezidentin təltif edilməsi məsələsini müzakirə etməyək? “Xilaskar” ordeni təsis edilməli, Ali Baş Komandan İlham Əliyev bu ordenlə təltif edilməlidir”.

Deputat Məlahət İbrahimqızı Fəzail Ağamalının təklifini dəstəklədiyini deyib: “Eyni zamanda dünyada Vətən müharibəsindən qalib çıxmış dövlətlərin və xalqların tarixi ilə bağlı araşdırma aparmışam. Dünyanın bəzi ölkələrində vətən müharibəsinin qalib liderinə Ordu Marşalı rütbəsi verilib. Bu gün möhtərəm, Müzəffər Ali Baş Komandanımız Milli Ordumuzla dünya hərb tarixinə qızıl hərflərlə zəfər səhifələri yazdı. Təklif edirəm ki, Ali Baş Komandanımıza da ali dövlət mükafatı ilə bərabər, ən yüksək hərbi rütbə – Ordu Marşalı rütbəsi verilsin”. 

Deputat Siyavuş Novruz isə təklif edib ki, orden və medallarla bağlı layihəyə bir cümlə əlavə edilsin ki, “Vətən Qəhrəmanı” adı və Ordeni ilk olaraq ölkə Prezidentinə təqdim edilsin”. 

Sədr Sahibə Qafarova isə bildirib ki, bunlar çox mühüm təkliflərdir: “Bu, ayrı bir iclasın, yaxud tədbirin mövzusudur”.