Deputatlarımız harada dincəlir

 

37

Artıq yay mövsümü yarı olub. Müxtəlif təşkilatlarda işləyən vətəndaşlar, o cümlədən məmurlarımız məzuniyyət dövrünü müxtəlif rayon və şəhərlərdə, eləcə də ölkəmizdən kənarda keçirirlər. Xaricdə dinləməyə üstünlük verənlərin sayı daha çoxdur.

Maraqlıdır ki, xalqın beş il müddətinə seçdiyi millət vəkilləri necə, ölkəmizdə yoxsa, xaricdə  dincəlməyə üstünlük verirlər? Bununla bağlıLent.az millət vəkilləri arasında sorğu keçirib. Xatırladaq ki, bir neçə gün əvvəl deputatlarımız Milli Məclisdən 3 min manatdan artıq məzuniyyət haqqı alıblar.

 

“Partiyanın qərargahında dincələcəm”

 

İlk münasibətini öyrəndiyimiz millət vəkili İqbal Ağazadə (“Ümid” Partiyasının) oldu. O,  açıqlamasında bildirib ki, istirahətini rəhbərlik etdiyi partiyanın qərargahında keçirəcək: “İşlərim həddindən artıq çoxdur. Buna görə də istirahətə vaxt ayıra bilmirəm”.

 

Millət vəkili təəssüf hissə ilə qeyd edib ki, artıq bir neçə ildir ki, nə ölkədə, nə də ölkədən kənarda dincələ bilmir.

 

“İşlərim həddən artıq çox olduğu üçün…”

 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov da işi həddindən artıq çox olan millət vəkillərindəndir. Novruzov da bu səbəbdən istirahət edə bilmir: “Parlamentdə məzuniyyətə çıxmışam. Lakin partiyada işlərim çoxdur. Ona görə də istirahətə gedə bilmirəm. Məzuniyyətimi əsasən Bakıda keçirirəm. Bir də Naxçıvana gedirəm”.

 

Qeyd edək ki, S. Novruzov boş vaxtlarında futbol da oynayır. Onun bir neçə dəfə həmkarları ilə futbol oynaması da medianın diqqətindən yayınmayıb.

 

“Hər gün tədbirlərdəyəm”

 

Xanım millət vəkili Jalə Əliyeva da tədbirlərin çoxluğundan gileylənənlərdir: “Demək olar ki hər gün tədbirlərdəyik. Ona görə də istirahətə vaxt ayırmaq olmur. İşdən sonra Bakıdakı bağ evimə üz tuturam. Yaxın həftələrdə 3-5 günlük rayonların birində dincəlməyə gedəcəyəm. Həmçinin, Ramazan bayramında Zərdabda olacam”.

 

Xanım deputatımıza Azərbaycanın dilbər guşəsi olan Zərdabda xoş istirahətlər arzulayıb, digər deputatla əlaqə saxladıq.

 

“Xaricdə dincəlirəm”

 

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov açıqlamasında hazırda xaricdə olduğunu bildirib. “Mən ölkədə deyiləm. Xaricdə dincəlirəm”. Eldar müəllimin hansı ölkədə dincəldiyini isə öyrənə bilmədik. Sualımız verməyə macal vermədən millət vəkili telefonu qapatdı.

 

“Hələ cavanam, istirahətə 10 ildən sonra gedərəm”

 

Milli Məclisin mədəniyyət komitəsinin sədri, filoloq-alim Nizami Cəfərov isə istirahət edib-etməyəcəyini və yaxud harada dincələcəyini dəqiqləşdirmədiyini bildirdi: “Hələ bu barədə planım yoxdur, bilmirəm”.

 

Millət vəkili yarı ciddi, yarı zarafat onu da qeyd etdi ki, o, beş-on ildən sonra istirahətə gedəcək: “Hələ cavanıq. Beş-on ildən sonra istirahətə getmək barədə düşünmək olar”.

 

“37 yaşıma qədər dincəlməmişəm”

 

Digər millət vəkili Zahid Orucun isə istirahətlə bağlı fikirləri daha maraqlı oldu. O vurğulayıb ki, millət vəkili seçiləndən 7 il sonra istirahət etmək qərarına gəlib: “Əvvəl fikirləşirdim ki, millət vəkili öz ölkəsindən kənarda dincələ bilməz. O daima seçicilərinin yanında olmalıdır. Buna görə də 7 il mənim göndərişlərimdən (Milli Məclis ildə bir dəfə deputatları putuyovka ilə xarici ölkələrə göndərir) başqa millət vəkilləri istifadə edirdilər”.

 

Z. Orucun sözlərinə görə, sonradan o da həmkarlarından geri qalmayaraq, xaricdə dincəlmək qərarına gəlib: “İlk dəfə millət vəkili kimi Şimali Qafqazda dincəldim. Bu da 37 yaşımdan sonraya təsadüf etdi. Bu isə Azərbaycanın sakit guşələrindən birində dincələcəm”.

 

Millət vəkilinin sözlərinə görə, deputatlara dincəlmək vacibdir: “tez-tez seçicilərlə görüşürük, müəyyən gərgin işlərimiz olur. Ona görə də hesab edirəm ki, millət vəkillərimiz də məzuniyyət imkanlarından istifadə edib, dincəlməlidir”.