Deputatlarımız Tbilisidəki “Alyans Gənclər Mərkəzi”ndə

Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Son bir neçə il ərzində Azərbaycan dövləti tərəfindən Gürcüstanda çoxlu sayda məktəb, uşaq bağçası, idman kompleksi, mədəniyyət ocaqları tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstandakı məktəblər Azərbaycan dili və ədəbiyyatı dərslikləri və digər metodiki vəsaitlərlə təmin olunur.

Bu fikirlər Gürcüstanda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Arzu Nağıyev və Rauf Əliyevin, eləcə də Azərbaycan Uşaq və Gənclər Federasiyasının prezidenti Asif Əliyevin Tbilisidəki “Alyans” Gənclər Mərkəzində keçirdiyi görüşdə səsləndirilib.Deputatlar əvvəlcə Gənclər Mərkəzinin tələbə gənclərinin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

“Alyans Gənclər Mərkəzi”nin icraçı direktoru Rəna Hüseynova və sədri Leyla Əmrahova mərkəzin fəaliyyəti, burada gənclər üçün nəzərdə tutulmuş təlim, tədris proqramları barədə ətraflı məlumat veriblər.

Deputatlar A.Nağıyev və R.Əliyev gənclər qarşısında çıxış edərək Azərbaycan dövlətinin soydaşlarımıza və dünya azərbaycanlılarına diqqət və qayğısından danışıb, gəncləri daha çox biliyə yiyələnməyə dəvət ediblər.
Görüşün sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar keçirilmiş rəsm müsabiqəsinin qaliblərinə mükafatlar, iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov görüşdə iştirak edib.

Sonda deputatlar və səfirlik əməkdaşı gəncləri maraqlandıran sualları cavablandırıb.