Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?

Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir. 

XALQ.AZ-ın xəbərinə görə, hazırda təqdim edilən sənədlərdə məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edilməsi mərhələsidir. 

Sənədlərə dairə seçki komissiyalarına qəbul edildikdən sonra yeddi gün müddətində baxılmalıdır. 

Xatırladaq ki, namizədlərin sənədləri təqdim etmələri mərhələsi 2019-cu ilin dekabrın 21-də başlayıb, 2020-ci ilin yanvarın 10-u saat 18:00-dək davam edib. 

Deməli, namizədlərin qeydə alınması prosesi yanvarın 16-da bitəcək. 

Yanvarın 17-dən etibarən isə deputatlığa namizədlərin təşviqat kampaniyasına start veriləcək. 
Seçki prosesinin bu mərhələsi fevralın 8-dək davam edəcək. 

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə növbədənkənar seçkiləri bu ilin fevralın 9-da keçiriləcək.