Deputat: “Zəfər paradı qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi”

30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.
Qalibiyyətimizin rəmzi olaraq 10 dekabr tarixində möhtəşəm Zəfər paradının keçirilməsi isə Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.
Eyni zamanda bu parad qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi.
Son 17 il ərzində Azərbaycanın iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Bilirsiniz ki, uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılır. Bu da öz məntiqi nəticəsi ilə yekunlaşdı.
Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və keçirilən paradda nəinki biz, bütün beynəlxalq ictimaiyyət bir daha bunun canlı şahidi oldu.
Paradda Azərabaycan Silahlı Qüvvələrinin üç min nəfərlik şəxsi heyəti ilə yanaşı türk hərbçilərinin də iştirakı, habelə Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın həyat yoldaşı ilə birlikdə iştirak etməsi, onun Qarabağın işğaldan azad olunması ilə bağlı təbriki, qədim, əbədi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının dalğalanmasını qeyd etməsi, ordumuzun gücünü vurğulaması Ulu Öndər Heydər Əliyevin “İki dövlət bir millət” şüarının bir daha öz təsdiqini tapmasının, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunun göstəricilərindəndir.
Paradın açılışı zamanı Prezident İlham Əliyevin “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” sözləri iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür.
Qədim köklərə malik bu iki dövlətin bir amal ətrafında birləşməsi haqqın, ədalətin bərpasında Azərbaycana, Azərbaycan xalqına böyük kömək oldu.
Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək Yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir.

Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı