Distant təhsil ənənəvi təhsili əvəz edə bilmədi – Deputat

Bu gün Azərbaycanın ali təhsil müəssisələri ənənəvi təhsilə qayıdır.

Ötən bir il yarım təhsilimiz üçün kifayət qədər çətin və mürəkkəb oldu. Bu müddətdə nə qədər çalışsaq da, distant təhsil ənənəvi təhsili tam əvəz edə bilmədi.


Hər bir ölkənin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Yüksək inkişaf yolu keçən hər bir dövlət öncə təhsilnin gücləndirilməsi üçün səylə çalışıb. Buna nail olanlar iqtisadiyyatlarını gücləndirə biliblər.


Bu gün Azərbaycanda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafına yüksək diqqət və qayğı var. Yeni ali təhsil müəssisələri yaradılır, universitetlərimizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.


Burada ali təhsil müəssisələrinin də üzərinə ciddi vəzifələr düşür. Hər bir müəssisənin konkret inkişaf strategiyası, gələcəyə baxışı və hədəfləri olmalıdır. Universitetlər yalnız diplom deyil, həm də yüksək təhsil və tərbiyə verməli, ölkəmiz üçün layiqli vətəndaş yetişdirmək vəzifəsinin öhdəsində layiqincə gəlməyi bacarmalıdır.


Dəyərli gənclər! Sizin də üzərinizə böyük vəzifələr düşür. Layiqli vətəndaş olmaq həm də yüksək təhsildən keçir. Müharibə bitsə də, mübarizəmiz davam edir. Qarşıda hələ sizi böyük vəzifələr gözləyir. Bu günün gəncləri gələcəyin idarəçiləridir.
Düşmən üzərində qələbə həm də sizin nə qədər bilikli və savadlı olmanızıdan asılıdır. Çalışın əsas hədəfinizdən yayınmayın, yüksək biliklər əldə edin, mütləq xarici dilləri öyrənin, informasiya texnologiyaları sahəsində biliklərinizi inkişaf etdirin. Vaxtdan maksimum səmərəli istifadə edin.

Ceyhun Məmmədov, Milli Məclisin deputatı