“Dolu əsasən taxıla daha ciddi təsir göstərir” – Ekspert

Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Bu, bir çox rayonlarda güclü yağış və doluya, eləcə də sel fəlakətinə səbəb olub.

Əksər rayonlara yağan dolu məhsuldarlığa, dolayısıyla kənd təsərrüfatı məhsullarının qiymətlərinə necə təsir edəcək?

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, yağan dolu taxıl istehsalı üzrə məhsuldarlığa müəyyən dərəcədə mənfi təsir göstərəcək:

“Hazırda birillik bitkilər sürətli inkişaf fazasındadır. Hətta bəziləri bar verməyə başlayıb. Bu mənada yağan yağış meyvə və bostan, tərəvəz bitkilərinə o qədər də təsir etmir. Amma dolunun məhsuldarlığa ciddi təsiri ola bilər. Dolu əsasən də taxıla daha ciddi təsir göstərir. Taxıl yığımına start verilib. Yağan dolu və yağış nəticəsində taxıl sürətlə tökülür, alaq otlarının inkişafına münbit şərait yaranır. Nəticədə taxıl biçini zamanı məhsuldarlıq aşağı düşür.

Yəni yağan leysan və dolu bir tərəfdən sünbülə təsir edir, digər tərəfdən də alaq otları taxıl biçiminə maneə olur. Nəticədə məhsuldarlıq aşağı düşür. Bu mənada deyə bilərik ki, son günlər yağan leysan və dolu əsasən taxıl sahələrinə ziyan vurub”.

Amma ekspertə görə, bu hadisə taxılın qiymətinə ciddi təsir etməyəcək:

“Ölkədə taxıla olan tələbatın maksimum 40 faizi yerli istehsal hesabına təmin edilir. Onun nəticəsidir ki, Azərbaycan taxılın əsas hissəsini xaricdən idxal edir. Ona görə də dolu nəticəsində məhsuldarlığın aşağı düşməsi gözlənilsə də, bu hal taxıl və taxıl məhsullarının qiymətinə hər hansı bir təsir göstərməyəcək. Çünki dolunun taxıla vurduğu təsirləri idxal kompensasiya edir. Baş vermiş təbiət hadisəsi çörək və taxılın qiymətinə təsir etməyəcək”.