Dövlət Komitəsi 5 ildi yüksək fəaliyyət göstərir

78

19 noyabr 2013-cü il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılmasının 5 ili tamam olur

Azərbaycanda keyfiyyət infrasturkturunun müasir Avropa standartları əsasında qurulması, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, azad rəqabət mühitinin formalaşması, təsərrüfat subyektlərində qabaqcıl təcrübənin tətbiqi nəticəsində ölkəmizin istehsal potensialı dəfələrlə artmışdır. Azərbaycan artıq idxalçı ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsində respublikanın sosial iqtisadi həyatının hər bir sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur.

Keyfiyyət infrastrukturunun tərkib hissəsi olan standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi, həmçinin standartlara və digər texniki-normativ sənədlərin icrasına dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Prezident Ilham Əliyevin 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. Keçən 5 il ərzində adıçəkilən sahələrin inkişafında köklü islahatlar aparılmış, standartlaşdırma üzrə dövlət siyasəti uğurla icra edilmişdir.

Bu siyasətin məntiqi davamı olaraq ölkə başçısının 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitənin fəaliyyəti daha da təkmilləşdirilmiş, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti yaradılmışdır.

Standartlaşdırma, metrologiya və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrinin inkişaf dinamikasını beynəlxalq təşkilatlarla qurulmuş sıx əməkdaşlığın nəticəsində də sezmək mümkündür. Azərbaycan Respublikası 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatında, 2003-cü ildən Beynəlxalq Standartlaşdırma Təşkilatında, 2007-ci ildən KOOMET Regional Metrologiya Təşkilatında, 2010-cu ildən Avropa Standartlaşdırma Təşkilatında və Kodeks Alimentarius Komissiyasında, 2011-ci ildən Beynəlxalq Elektrotexnika Komissiyasında, 2012-ci ildən Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatında təmsil olunmaqdadır.

Azərbaycan Respublikasının Normativ sənədlər üzrə Dövlət Fondunda hal-hazırda 21056 standart mövcudur. Bunların 711-i Azərbaycan Respublikasının Dövlət standartları, 20407-si isə dövlətlərarası standartlardır. Bu standartlar əsasən neft-kimya, elektrotexnika, nəqliyyat, ekologiya, qida sənayesi, informasiya texnologiyaları, tikinti materialları, kənd təsərrüfatı, keyfiyyət sistemi və s. sahələri əhatə edir.

Qeyd edilən sahələrdə işlərin davamlı şəkildə həyata keçirilməsi və səmərəliliyin arıtırılması məqsədilə müvafiq dövlət qurumlarının iştirakı ilə Qida məhsulları, Neft və neft məhsulları, İnformasiya Texnologiyalari, Ekologiya, Turizm, Tikinti materialları, Geomatika, Keyfiyyəti idarəetmə üzrə Texniki Komitələr yaradılmışdır.

Texniki tənzimləmə və standartlaşdırma sahəsinin inkişafı məqsədilə yaradılmış Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun da rolu danılmazdır. İnstitut yeni standart layihələrinin hazırlanması, ekspertizası, regional və beynəlxalq standartlarla harmonizasiyası, həmçinin Texniki Komitələrin işinin əlaqələndirilməsində, maraqlı tərəflərin normativ sənədlərlə təmin edilməsində başlıca rolu olan Komitənin struktur vahidlərindən biridir.

Son illər metrologiya sahəsinin inkişafında da yüksək nəticələr əldə edilmişdir. 2008-2010-cu illər ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tərkibində Milli Etalon Mərkəzinin yaradılmasına başlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanına əsasən yaradılmış Komitə yanında Dövlət Metrologiya Xidməti dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Hal-hazırda Komitə yanında Dövlət Metrologiya Xidmətinin Milli Etalon Bazası Kütlə, Qüvvə və təzyiq, Elektrik kəmiyyətləri, Vaxt və tezlik, Temperatur, Sıxlıq və özlülük, Dozimetrik dövlət etalonları laboratoriyalarından ibarətdir.

Komitə ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Dövlət Metrologiya Xidməti nəzdində yeni yaradılan Dozimetrik dövlət etalonları laboratoriyasının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Laboratoriyanın yaradılmasının məqsədi respublikada mövcud olan dozimetrik, radiometrik, spektrometrik və rentgen diapazonunda işləyən cihazların kalibrlənməsindən ibarətdir. Laboratoriya daxilində dozimetrik, rentgen ölçmə vasitələrinin kalibrlənməsi və spektrometriya laboratoriyalarının yaradılmasına artıq başlanmışdır.

Daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolu mühümdür. Akkreditasiya konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınmasını təmin edən vasitədir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə yaradılmış Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Məhsulların keyfiyyətini daima nəzarətdə saxlamaq üçün, istehlakçıların keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərlə təminatını gücləndirmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi laboratoriya quruculuğuna ciddi önəm verməkdədir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Təcrübə-Sınaq Mərkəzi – AzTEST-in fəaliyyəti son illərdə daha da təkmilləşdirilmiş, məhsul və malların sınaqlarının aparılması, ölçmə vasitələrinin kalibrlənməsi, ümumilikdə istehlakçı hüquqlarının qorunmasında vacib rol oynayan avadanlıqların alınması intensivləşmişdir. Bu gün əminliklə demək olar ki, Təcrübə-Sınaq Mərkəzində qurulmuş və istifadə olunan laboratoriyalar ən müasir avadanlıqlar olmaqla yanaşı, ən dəqiq nəticələri təyin etməyə və peşəkar mütəxəssislərə malikdir.

Nüfuzlu Almaniya Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunmuş AzTEST qida laboratoriyasında qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirilmiş, bütün növ ərzaq məhsullarının sınağının İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə rəy bildirilmiş, bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizlər yüksək qiymətləndirilmiş, adıçəkilən sahələr üzrə də laboratoriya akkreditasiya edilmişdir. Son zamanların ən aktual problemlərindən biri olan geni modifikasiya olunmuş məhsullarla mübarizə məqsədilə AzTEST-də GMO məhsullarının sınağı laboratoriyası yaradılmış və istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı apardığı uğurli siyasət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarələrinin maddi-texniki bazasının güclənməsi, yeni inzibati binaların istifadəyə verilməsi ilə nəticələnmişdir. Gəncə şəhərində ərazi idarəsinin yenidən qurulması, laboratoriyaların tikilməsi, Yevlax, Sumqayıt, Salyan şəhərlərində yeni inzibati binaların istifadəyə verilməsi bunlara əyani sübutdur. 2012-ci ildə Şəki Ərazi Sınaq və Sertifikatlaşdırma şöbəsinin inzibati binası və ölçmə vasitələrinin kalibirlənmə laboratoriyaları yenidən qurulmuş, qida laboratoriyası yaradılmış və müasir avadanlıqlarla təchiz olunmuşdur. Gəncədə qida laboratoriyası yeni avadanlıqlarla təchiz edilmişdir. 2013-cü ildə Salyanda yeni inzibati bina, qida məhsullarının sınağı və ölçmə vasitələrinin kalibirlənmə laboratoriyası tikilərək istifadəyə verilmiş və yeni avadanlıqlarla təchiz olunmuşdur.

Həmçinin Azərbaycanda istehsal olunan və idxal olunan yanacaq və sürtkü yağlarının keyfiyyətinin Avropa standartlarına uyğun yoxlanması üçün 2012-ci ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində neft və neft məhsullarının sınaq laboratoriyası yaradılmış, yeni müasir avadanlıqlarla təchiz edilmiş və hal-hazırda onun fəaliyyətinin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilir.

Məhsulların və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi məqsədilə yaradılmış Komitənin “AzSERT” Məhdud Məsuliyyətli Cəmiyyəti də qısa vaxtda yaranmasına baxmayaraq ölkəmizdə keyfiyyət infrastrukturunun formalaşmasında yaxından iştirak etməklə böyük uğurlara imza atmışdır. Belə ki, AzSERT sahibkarlıq subyektləri ilə əməkdaşlıq edərək müasir standartların müəssisələrdə tətbiqi işini sürətləndirir, hazır məhsulların uyğunluğunu qiymətləndirərək nəticələri bəyan edir, məhsulları sertifikatlaşdırır. AzSERT xidmət sahələrinin sertifikatlaşdırılması sahəsində də fəaliyyətini genişləndirməkdədir.

Prezident İlham Əliyevin “Qara qızılı insan kapitalına çevirməliyik” fikrini əsas tutaraq patent sisteminin hüquqi bazasının təkmilləşdirilməsi, bu sahədə innovativ yeniliklərin tətbiqi işləri də mütəmadi olaraq yerinə yetirilir. Bu sahədə aparılan islahatlar nəticəsində Komitənin tabeliyində yeni qurum – “Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. AzPatent sənaye mülkiyyəti obyektlərinə dair milli və xarici iddiaçılardan, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosundan daxil olan iddia sənədlərini qəbul edir, ekspertizasını aparır, ekspertizanın nəticəsi üzrə müvafiq qərarlar qəbul edir.

Ölkəmizdə patent sisteminin modernləşdirilməsi, məlumat axtarışının avtomatlaşdırılması, Təlim Mərkəzinin yaradılması məqsədilə, 11 oktyabr 2011-ci il tarixində imzalanmış “Qrant Razılaşması” layihəsi əsasında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə işlər müvəffəqiyyətlə başa çatmışdır. Bu layihə Azərbaycanın patent sistemi üçün mühüm əhəmiyyətə malikdir və o, “Elektron Hökumət” proqramının tərkib hissəsinə daxil edilmişdir. Sənədlərin elektron formatda qəbulu, dövriyyəsi, habelə göndərilməsi iddiaçıların işini asanlaşdırmaqla yanaşı, ekspertiza prosesinin də sürətlənməsinə və keyfiyyətinə müsbət təsir göstərməkdədir.


Prezident İlham Əliyevin istehlakçı hüquqlarının qorunması, məhsulların keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunması ilə bağlı verdiyi göstəriş və tapşırıqlar Komitənin fəaliyyətində daima rəhbər tutulur.

Istehlak bazarında son dövrlər müşahidə olunan keyfiyyət və kəmiyyət dəyişiklikləri bu sahədə dinamik inkişafın təsdiqidir. Azərbaycan Respublikasının Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə yaradılmış Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Son dövrlərdə regionlarda ərazi dövlət nəzarəti idarələrinin maddi-texniki bazası gücləndirilmiş, yeni inzibati binaları istifadəyə verilmişdir.

Dövlət Nəzarəti Xidməti fəaliyyətə başladığı dövrdən mütəmadi olaraq təsərrüfat subyektlərində dövlət nəzarəti aparmışdır. Onların sırasında çörək məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına, ictimai iaşə müəssisəsində xidmətin və ərzaqla təminatın keyfiyyətinin artırılmasına, o cümlədən yeyinti məhsullarının idxalına aid edilən nəzarət tədbirlərini misal göstərmək olar. Monitorinqlər nəticəsində hələ də bir sıra istehsalçılar və sahibkarlar tərəfindən keyfiyyətsiz məhsulların istehsalı və respublikaya idxal olunması aşkar olunur. Bununla bağlı Komitə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçirilməkdədir. Dövlət Nəzarəti Xidməti tərəfindən insan həyatı və sağlamlığına təhlükə yaradan, normativ sənədlərə uyğun olmayan qida məhsulları istehsalçı və idxalçılarına qarşı qanunvericiliyə uyğun olaraq cərimə sanksiyaları tətbiq olunmuş, uyğunluq sertifikatı olmayan məhsulların istehsalı və satışı qadağan edilmiş, təhlükəli ərzaq məhsulları dövriyyədən çıxarılaraq məhv edilmişdir.

 

Beləliklə, Möhtərəm cənab Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi fəaliyyətini günbəgün inkişaf etdirir. Ölkə rəhbəri tərəfindən aparılan düzgün və məntiqli siyasət, uğurlu iqtisadi strategiya, sahibkarlığın inkişafına dövlətin dəstəyi, azad rəqabət mühiti ölkəmizin imicinin beynəlxalq aləmdə yüksəldilməsinə xidmət edir. Komitənin başlıca məqsədləri cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında Azərbaycanda keyfiyyət infrastrukturunun ən yüksək standartlar əsasında təşkili və bu sahəni inkişaf etdirməkdir.