Dövlət tərəfindən bütün lazımi addımlar vaxtında atılır

“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Vəziyyəti nəzarət altında saxlaya bilirik. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”.

Bu sözləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

“Biz əsasən “SinoVac” və “Pfizer” vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir. Peyvəndləmə könüllüdür”, – dövlət başçısı bildirib.

Bəli, ölkə rəhbərinin də qeyd etdiyi kimi hazırda peyvəndləmə səviyyəsi yüksəkdir. Könüllülük prinsipi əsasında təşkil olunan peyvəndləmədə iştirak edən vətəndaşlar artıq 3-cü doza vaksinin vurulması prosesinə də qatılırlar. Bu, dünyanı cənginə alan “COVID 19” bəlasından xilas olmaq üçün hələki yeganə yoldur.

Milli Məclisin deputatı Vüqar İskəndərov açıqlamasında bildirdi ki, bu gün Azərbaycan hökuməti tərəfindən COVID-19-un vətəndaşlara mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilir:

“İlk əvvəl qeyd edim ki, Prezident İlham Əliyev Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bir daha qeyd etdi ki, məhdudiyyətlərin qoyduğu çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər görülür, sosial yardım paketlərini yaradılıb, işsiz vətəndaşlar üçün dövlət büdcəsindən 2,9 milyard ABŞ dolları həcmində sosial paketin vəsaitləri ayrılıb. Bilirsiniz, bu pandemiyanın dünya iqtisadiyyatını çökdürdüyü və müharibədən çıxmış bir ölkə üçün necə alqışalayiq addımdır. Bu bir daha sübut edir ki, ölkə rəhbəri üçün hər şeydən vacib vətəndaş məmnunluğudur”.

Vaksinləmənin əhəmiyyətindən danışan deputat qeyd etdi ki, peyvəndləmə vətəndaşların sağlamlığına hesablanan məqsədyönlü addımdır:

“Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, hazırda ölkəmizdə “Sinovac” və “Pfizer” vaksinlərindən istifadə edilir. Bu dövlətin vətəndaşın sağlamlığını qorumaq üçün atdığı ən vacib addımlardan biridir. Sevindirici haldır ki, bu gün hər bir Azərbaycan vətəndaşı artıq 3-cü doza vaksinin vurulmasında könüllülük nümayiş etdirir.

Xüsusi olaraq deyim ki, ölkəmizdə Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində pandemiya elan olunan gündən koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərə start verildi, dövlət tərəfindən bütün lazımi addımlar vaxtında atıldı, beynəlxalq təşkilatlarla sıx təmaslar quruldu. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işləri həyat keçirildi. Məhz görülən bu və ya digər vacib müfəssəl tədbirlər nəticəsində sərt karantin rejimi yumşaldıldı”.

Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.