Dövlət və xalq üçün layiqli xidmət nümunəsi

2016-cı ilin Konstitusiya islahatlarından sonra hüquqi normaya çevrilən birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyin olunması bütün Azərbaycan xalqının ürəyindən xəbər verən bir siyasi qərar kimi tarixə düşdü. Ölkə vətəndaşlarının böyük rəğbətlə qarşıladıqları bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığın başlanğıcını qoydu.

Bu reallığın xarakterini və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, Mehriban Əliyevanın mənəvi keyfiyyətləri, Azərbaycan xalqına və dövlətinə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə, bəşəriyyətə qazandırdığı nailiyyətlər təyin edirdi. Hər şeydən öncə, Azərbaycan və eləcə də dünya ictimaiyyəti Mehriban Əliyevanı böyük xeyriyyəçi kimi tanıyır. Hələ 2004-cü ildə Heydər Əliyev Fondu yaranarkən insanlara qayğı və təmənnasız xidmət amalını prioritet elan edən Mehriban Əliyeva öz səylərini əhalinin aztəminatlı təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olunmuş uşaqlara, qocalara kömək göstərilməsinə yönəltdi. Eyni zamanda respublikamızda geniş vüsət almış məktəb və xəstəxana tikintisində, uşaq evlərinin və bağçalarının, internat məktəblərinin yenidən qurulmasında,  tarixi və dini abidələrin bərpasında Mehriban Əliyevanın əzmkarlığına, onun İlham Əliyevin sosial siyasətinin daha böyük uğur qazanmasına xidmət edən əsl vətəndaşlıq missiyasına xalqımız şahidlik etdi.

Bu sırada 2005-ci, 2010-cu və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən Mehriban Əliyevanın fəaliyyəti vətəndaş etimadına layiq olmağın bariz nümunəsidir. Seçicilərə diqqət və qayğı göstərən, təmsil etdiyi ərazilərin sosial problemlərinin həlli yönündə gördüyü misilsiz işlərlə əsl millət vəkilliyinin nümunəsini yaradan Mehriban Əliyeva həmçinin Milli Məclisin müzakirələrinə təqdim etdiyi layihələrlə  qanunvericiliyimizin təkmilləşməsinə böyük töhfələr verdi. Mehriban Əliyevanı xarakterizə edən digər mühüm göstəricilərdən biri milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verməsidir.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi Mehriban xanım Əliyevanın Azərbaycan idmanının inkişafında da böyük rolu var. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi bu mühüm tədbirlərin Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban Əliyevanın gərgin zəhmətinin, yüksək təşkilatçılıq qabiliyyətinin, ölkə başçısının böyük əminliklə ona həvalə etdiyi mühüm vəzifəni qısa müddətdə layiqincə yerinə yetirməsinin nəticəsi idi. O, 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təşkilinə hazırlıq işlərini də eyni məsuliyyətlə yüksək səviyyədə həyata keçirərək ideal təşkilatçılıq nümunəsini ortaya qoydu.

4 il əvvəl Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı  ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən irəli gələn bir qərar idi. Bu təyinat eyni zamanda islahatlar prosesinə böyük dəstək ola biləcək Mehriban xanımın peşəkar imkanlarından dövlət idarəçiliyində də istifadə zərurətindən irəli gəlirdi. Aradan ötən illər göstərir ki, Mehriban Əliyeva bu missiyanı uğurla, inamla və layiqincə daşıyır, gördüyü işlərlə Heydər Əliyev ideyalarının həyata vəsiqə almasına, İlham Əliyevin siyasi kursunun zəfər çalmasına ən layiqli töhfələri verir.

4 il əslində o qədər də böyük zaman kəsiyi deyil. Amma 4 ildə Mehriban Əliyevanın Birinci-vitse prezident kimi gördüyü işlər olduqca çoxşaxəlidir. Bu vəzifədə də Mehriban Əliyeva diqqətini hər şeydən əvvəl vətəndaşların az təminatlı hissəsinə, o cümlədən Ermənistanın işğalı nəticəsində vaxtilə torpaqlarından məcburi köçkün düşmüş vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəltdi. 4 ildə  Mehriban Əliyeva xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər və beynəlxalq təşkilatların tədbirlərində iştirakı zamanı Azərbaycanın milli və dövlət maraqlarını layiqincə təmin etdi.

Ötən ilin ən böyük hadisəsi olan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarını azad etdi. Hazırda dövlət başçısının qarşıya qoyduğu əsas vəzifə Qarabağ torpaqlarının dirçəldilməsidir. Fərəhli haldır ki, xalqımız bu məsələdə də Mehriban Əliyevanın əsl vətəndaşlıq missiyasını görməkdədir. Hələ ötən ilin dekabrında Mehriban Əliyeva Heydər Əliyev Fondunun Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını qürur hissi ilə bəyan etdi. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı müqəddəs dini məkanlarımız Heydər Əliyev Fondu tərəfindən qısa müddətdə yenidən bərpa ediləcək.

Onu da qeyd edim ki, kimsəsizlərin, ahılların, xüsusi həssas əhali qruplarından olan hər kəsin güvənc yeridir Mehriban xanım. İnsanlar ona inanır, hər hansı problemləri ilə bağlı ünvanına ürəklə, ümidlə üz tuturlar. Mehriban xanımın xeyirxah, humanist obrazı xalqımız tərəfindən yüksək qiymətləndirilir, o cümlədən bu misilsiz fəaliyyət sənət adamlarının yaradıcılıq nümunələrində əksini tapır. Yüz minlərlə insanın bu böyük şəxsiyyətə rəğbətini, ehtiramını mən də hələ 2004-cü ildə sözləri Gülnur Aslana məxsus “Mehriban insan” əsərini bəstələməklə ifadə etmişəm.

Mehriban Əliyeva Prezident İlham Əliyevin ölkəmizin yüksəlişi üçün qarşıya qoyduğu strateji hədəflərin əldə olunmasına bundan sonra da böyük töhfələr verəcək. Bu yolda Mehriban Əliyevaya uğurlar arzulayıram.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara  Cəmiyyətinin  prezidenti