“Dövlətimiz hər zaman öz vətəndaşının yanındadır”

“Azərbaycanda hər zaman  qayğıya ehtiyacı olan insanlar dövlət tərəfindən dəstəklənir. Bu baxımdan, respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkün soydaşlarımıza göstərilən qayğı diqqəti xüsusi olaraq cəlb edir. Azərbaycanda həssas qruplardan olan insanların güzəşt və imtiyazlarının ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etməsi həmin kateqoriyadan olan insanlara qayğının daha bir nümunəsidir:

“Təqdimat mərasimindən sonra şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə dövlətimizin başçısı qeyd edib ki, bizim güclü sosial siyasətimiz var. Cənab Prezident ölkəmizdə həssas qruplardan olan insanlara xüsusi qayğı göstərildiyini nəzərə çatdıraraq vurğulayıb: “Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb””.

Millət vəkilinin sözlərinə görə, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən tədbirlər sırasında bu qəbildən olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması böyük aktuallıq daşıyır:

“Dövlət başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən təqdimat mərasimində məlumat verilib ki, şəhid ailələri və müharibə əlilləri təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. Müvafiq kateqoriyadan olan vətəndaşlara 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək artıq 430 mənzil təqdim olunub. Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillərin və fərdi evlərin verilməsi proqramının uğurla icra ediləcəyinə əminliyini bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ümumilikdə  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilib. Göründüyü kimi, Azərbaycan dövləti şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərir. Bu qayğı təmsil etdiyim Bərdə rayonunda da özünü ifadə edir. Bu yaxınlarda  Bərdə sakini olan Qarabağ əlili  dövlət qayğısı ilə əhatə olundu. Belə ki, Bərdə rayonunun Hacıəhmədli kəndində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili İsmayıl Rüstəm oğlu Rüstəmov ev şəraitinin yaxşı olmadığını və bu məsələdə kömək göstərilməsi üçün millət vəkili kimi mənə müraciət etmişdi. Bu məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə müraciət etdim. Çox təqdirəlayiq haldır ki, müraciətimizə operativ şəkildə reaksiya verilib, Qarabağ müharibəsi əlilinin yaşadığı əraziyə baxış keçirilib. Onun tikintisi yarımçıq qalmış evinin inşasının başa çatdırılmasına lazımi dəstək göstəriləcək. Bütün bu faktlar bir daha göstərir ki, dövlətimiz hər zaman öz vətəndaşının yanındadır”.