“Dövlətin bizə göstərdiyi etimadı doğrultmalıyıq” – Kinorejissor

Bu gün Azərbaycan kinosu yaranmasının 125-cü ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Azərbaycan kinosu ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov  deyib:

“125 ildə Azərbaycan kinosu uzun, şərəfli yol gəlib. Sovet dövründə bizim kinomuz dinimizi, dilimizi, mənəviyyatımızı qorumaq uğrunda mübarizə aparıb. Müstəqillikdən sonrakı dövrdə, Qarabağın hələ işğal altında olduğu dövrdə Azərbaycan kinosu Qarabağı unutmamaq üçün mübarizə apardı, qəhrəman şəhidlərimizin bioqrafiyasını ekrana gətirmək üçün mübarizə apardı, yüzlərlə filmlər çəkildi, Qarabağı azad edə biləcək nəsil yetişdi. Bunda da sənədli filmlər, “Fəryad”, “Hər şey yaxşılığa doğru”, “Nabat”, “Qala” kimi bədii filmlərin böyük rolu olub, vətənpərvərlik ideyalarını aşıladılar. İndi isə 2-ci Qarabağ Müharibəsindən sonrakı dövrdə kinomuzun əsas funksiyalarından biri xalqımızın qalib ruhunu, multikultural dəyərlərini, mənəvi dəyərlərini, unikal mədəniyyətini dünyaya çatdırmaqdır. Azərbaycan kinosundakı bütün problemlərə baxmayaraq, Prezidentimizin kinoya qayğısı bu gün də var. Bu yaxınlarda da Kino Agentliyinin yaradılması barədə qərar verilib, günü-gündən daha qızğın fəaliyyətə başlayır. Bununla paralel olaraq iki Kinomatoqrafçılar İttifaqı birləşmək qərarı verib. Bu da sıralarımızın möhkəmlənməsində bizə kömək edəcəkdir. Bu gün – 2 avqust Azərbaycan Kinosu Günü biz gələcəyə çox böyük ümidlərlə baxırıq. Hər şey kinomatoqrafçıların əlindədir. Dövlətin bizə göstərdiyi etimadı doğrultmalıyıq, xalqımızın qarşısında olan borcumuzu da ödəməliyik”.