“Dövlətin gördüyü işlərə biz də vətəndaş məsuliyyətimizlə dəstək verməliyik”– Elşən Musayev

“Koronavirusu ciddiyə almalıyıq. Ressidiv formalı geri dönmənin, ikinci dalğanın olmaması üçün ehtiyatlı davranmalıyıq. Bütün qaydalara riayət etməliyik. Dövlətin məlum pandemiyaya qarşı mübarizə istiqamətində gördüyü işlərə vətəndaş məsuliyyətimizlə dəstək verməliyik. Bu, ümumbəşəri bəladır. Həmin bəlanın törədə biləcəyi fəsadlardan, təhlükələrdən kimsə sığortalanmayıb” –  XALQ.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev son günlər koronavirusa yoluxanların dinamikasında müşahidə olunan yüksəlişə münasibət bildirərkən söyləyib.

“Cənab Prezident dünən “Gilan Tekstil Park”da düzənlənən tədbirdə də Azərbaycan xalqına növbəti müraciətini, çağırışını etdi: “Məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək”.

Bu çağırışın hər detalı, hər sətiri diqqətə alınmalıdır. Kömək eləməliyik dövlətə. İlk növbədə məsuliyyətimizlə, davranışımızla, qaydalara riayət etməyimizlə kömək etməliyik. Çünki yalnız o halda tam xilas ola bilərik, qorxunc  virus təhlükəsindən. Başqa yol yoxdur. Və bir məqamı, bir nüansı da qətiyyən nəzərdən qaçırmaq  olmaz: Avropanın böyük dövlətlərini bitirən, həmin dövlətləri böyük itkilərə sürükləyən məhz səhlənkarlıq oldu. Konkret olaraq İtaliyada, İspaniyada baş verən hadisələr vətəndaş etinasızlığının nəticəsi idi. Həmin ölkələrdə bəzi qruplar kütləvi şəkildə virusun varlığına inamsızlığı təbliğ edirdi, insanların beynini qarışdırırdı.  Ona görə sonucda bu qədər böyük miqyaslı tələfatla, insan faciəsi ilə üzbəüz qaldılar.

Biz isə çox şükürlər olsun ki, həmin mərhələyə adlamamışıq. Böyük şansımız var ki, heç zaman da adlamayaq və az itki ilə koronavirus bəlasından qurtulaq. Amma bir daha deyirəm, hər şeyi dövlətin üzərinə yükləmək olmaz. Özümüz də fərd olaraq məsuliyyətimizi dərk etməliyik. Dövlətlə bərabər biz də ortaya mövqe, əzm qoymalıyıq, ehtiyatlı davranmalıyıq, bütün mümkün variantlardan istifadə etməklə təhlükədən yayınmalıyıq.” – deyə Partiya sədri fikirlərinə davam edib.