“Dövlətin növbəti onillikdə əsas məqsədi iqtisadi inkişafın artırılmasıdır”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilməsi Azərbaycan 10 illik yolunu müəyyənləşdirir. Növbəti 10 il üçün təsdiqlənən bu Proqramda milli maraqlar və strateji planlamanın vəhdəti, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi, milli prioritetlərin mütləq üstünlüyü, bir sözlə dövlətin növbəti 5 strateji prioritetlərində öz əksini tapıb”.

Bu fikirləri açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Məşhur Məmmədov deyib.

Millət vəkili iqtisadi uğurlardan danışarkən xüsusi olaraq vurğulayıb ki, dövlətimizin iqtisadi uğurları ilk növbədə erməni faşizmi üzərində qələbəmizi reallaşdırdı: “Əgər Azərbaycan iqtisadi cəhətdən güclü, beynəlxalq aləmdə sözü keçən bir dövlət olmasaydı 44 günlük müharibəni belə unudulmaz qələbə ilə başa vura bilməzdik. Bu dünya hərb tarixinə qızıl hərflərlə yazılan qələbə olmaqla bərabər, həm də iqtisadiyyatımızın dayanıqlı, xalqın yekdil, ordumuzun güclü olduğunu göstərdi. Məhz Milli Prioritetlərdə əksini tapan əsas vəzifə qüdrətli dövlətin və yüksək rifah cəmiyyətinin yaradılmasıdır ki, bu da ilk növbədə iqtisadi inkişafın təmin edilməsinə, insanların sosial – rifah halının yaxşılaşdırılmasına xidmət edir. Sözsüz ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Prezident İlham Əliyevin son son 17 illlik prezidentlik fəaliyyəti müdddətində güclü, davamlı və dayanaqlı iqtisadiyyata, güclü orduya, xalqı öz ətrafında birləşdirməyə, dünyada beynəlxalq tərəfdaşlığa nail olunub. Bu İkinci Vətən Müharibəsində bir daha sübut olundu və Azərbaycan bütün sahələrdjə bundan sonra da lider dövlət olaraq uğurlara nail olacaq”.

“Azərbaycanın yeni sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər dərinləşmiş islahatların növbəti 10 ildə də davam etdiriləcəyindən xəbər verir”,-deyən millət vəkili onu da vurğulayıb ki, ən əsası isə Sərəncamda azad olunan ərazilərin sosial iqtisadi inkişafının nəzərdə tutulması öz növbəsində həmin yerlərin inkişafına əvəzsiz töhfələr verəcəyini vurğulayıb: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq. Eyni zamanda, rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır. Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq”.

Millət vəkili sosial təminatla bağlı islahatların, o cümlədən pensiya islahatlarının da davam etdirilməsi, minimum və orta pensiya məbləğinin artırılması nəzərdə tutulduğunu deyib. Bildirib ki, son 17 il ərzində bu artımlar olub və müavinətlər daxil olmaqla sosial ödənişlərə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq: “Bu isə, dövlətin hər bir vətndaşına, o cümlədən pensiyaçıların hüquqlarının daha yaxından qorunması və onların daha çox pensiya almasına imkan yaradacaq”.

Milli Prioritetlərdən olan Böyük qayıdışın da növbəti on ildə uğurla icra olunacağına əminliyini bildirən M.Məmmədov onu da bildirib ki, Böyük qayıdışın təmin olunması çərçivəsində hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

Böyük qayıdış da əsas hədəflərdəndir və onun reallaşması mərhələli şəkildə icra olunacaq: «Birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastrukturun formalaşdırılması, növbəti mərhələdə sosial obyektlərin inşa edilməsi və məskunlaşmanın reallaşması həyata keçiriləcək ki, bu da nəticə etibari ilə böyük qayıdışın reallaşmasına imkan yaradacaq. Dövlətimizin başçısı fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbulda çıxışı zamanı bildirdi ki, azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir və bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin: «Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın». Həiçinin də qoydu Bildirdi ki, ilk növbədə, işin düzgün təşkil edilməsi məsələsinə diqqət yetirməlisiniz: «Ona görə, baxın, dünyanın aparıcı istehsalçıları olan şirkətlərin ən müasir texnikası ölkəmizə gətirilməlidir. Çünki işin keyfiyyəti və sürəti bundan asılı olacaq. Bizim keçmiş köçkünlərimiz 30 il vətən həsrəti ilə yaşayıblar. Ona görə minatəmizləmə işləri elə aparılmalıdır ki, biz qısa müddət ərzində bərpa işlərinə start verə bilək və beləliklə, vətəndaşlar inşaat işləri başa çatandan sonra öz torpaqlarına qayıda bilsinlər”.

M.Məmmədov onu da bildirib ki, bir sözlə, növbəti 10 illik Milli Prioritetlər ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq: “Qarşıdakı on il ərzində biz ölkə iqtisadiyyatının inkişafı, sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması üçün islahatları davam etdirməliyik. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək. Dövlət başçımızın dediyi kimi: “Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir”.