Döyüşçülər danışdı

Doyus

İyulun sonu, avqustun əvvəlində qoşunların təmas xəttində qısamüddətli müharibə, Azərbaycan ordusunun açıq-aşkar üstünlüyü keçmiş Qarabağ döyüşçülərini nə qədər ruhlandırsa da, cəbhədən dezinformasiyaların, yoxlanılmamış rəsmi mənbəyi olmayan xəbərlərin yayılması onları bir o qədər üzüb.

XALQ.AZ-ın məlumatına görə, Şuşa batalyonunun keçmiş komandiri Fəxrəddin Səfərov deyir ki, bəzi informasiya daşıyıcılarının dırnaqarası qəhrəmanlıqları sayəsində ermənilərə kəşfiyyatçı gərək deyil.

Keçmiş Qarabağ döyüşçüsü Fəxrəddin Səfərovun sözlərinə görə, erməni görür ki, tutaq ki, “T72” 10 dənə keçdi, “BMP” 20 dənə keçdi, yəni bunu göstərmək düşmənə birbaşa dəstəkdir, düşmənin kəşfiyyatı işləmir, düşmən görür ki, cəbhə bölgəsinə nə qədər qüvvə göndərmisən, o qüvvəni də hesablayır, ona qarşı hücum edir.

Birinci Qarabağ müharibəsinin iştirakçıları təcrübələrindən çıxış edərək, xüsusilə, həssas məsələlərin diqqət tələb etdiyini, ordumuzun, dövlətimizin ziyanına ola biləcək məlumatların verilməməli olduğunu düşünürlər. Bu tip informasiyaların yayılması, hətta qəsdən olmasa belə, düşmən bundan bəhrələnə bilər.

Keçmiş Qarabağ döyüşçüsü Şünasi Babayev isə deyir ki, “ANS dəfələrlə Qayıbalıda, Kərkicahanda yanımızda olublar. Səngərimizi, eyni zamanda da Şuşanın özünü çəkirdilər, hər şey qaydasında göstərilirdi. Orda heç vaxt deyilmirdi ki, orda bizim 3 nəfər döyüşçümüz var, bəzən az olub qüvvəmiz, onu desəydilər inanın ki, bəlkə 50 nəfərlə hücum edib tutardılar”.

Keçmiş Qarabağ döyüşçüsü Cahid Ələkbərov qeyd edir ki, “Bunları göstərmək olmaz, hər biri bir sirdir. Verirsən, düzgün məlumat ver, düşmənin itki verdiyini yaz, qoy bizim əsgərlər ruhlansın”.

Cəbhədəki son gərginlik zamanı bir sıra kütləvi informasiya vasitələri,o cümlədən də internet resusrları hərbi texnikamızın hərəkət trayektoriyası, tankların sayı, nömrələri, bir sözlə hərbi sirr sayılan, dövlətin milli maraqlarına uyğun olmayan materiallar yaymışdı.