Dünən təkliflə çıxış etdik, bu gün isə Prezident müvafiq Fərman verdi, “YAŞAT” Fondu yaradıldı…”- Deputat Jalə Əliyeva Prezident İlham Əliyevə təşəkkür etdi

Artıq işğal edilmiş ərazilərimiz azad edildikdən sonra bu torpaqlarda qanayan yaralarımızı sarmaqla məşğuluq .Bu gün o bölgələrdə böyük quruculuq işləri ilə məşğuluq, illərdir qanayan ürəyimizə artıq sevinc göz yaşları ilə bir şəkildə məlhəm çəkib, həyatımıza davam edirik. Yəni, 30 ilin açdığı böyük problmləri aradan qaldırmaqla məşğuluq. Biz İkinci Vətən Müharibəsində 2783 şəhid verən millətik və bu insanların hər biri bizim uğrumuzda dünyasını dəyişiblər. Mənim də Şəhidlərimizlə, Şəhid ailələri ilə, Qazilərimizlə bağlı təkliflərim var.

Bu insanların- Şəhidlərin, Qazilərin, Yaralıların, onların ailə üzvlərinin himayə edilməsi, sadəcə, dövlətin, dövlətin təsdiq edəcəyi sosial paketlərin üzərinə düşən iş deyil. Bu, heç də ura patriotizm kimi qarşılanmasın, onlar bizim hər birimiz üçün həlak olublar. Ona görə də rəsmi qurumlarda işləyən, rəsmi əməkhaqqı alan hər bir Azərbaycan vətəndaşı yəqin ki, etiraz etməz və fikirlərimiz də yəqin ki, absurd, subyektiv qarşılanmaz, çox demirik, onların əmək haqqından heç olmasa, 1 manat belə olsa, aylıq tutularsa və bu qəbildən olan ailələrin hesabına yatırılarsa, ümumilikdə dövlətə də yardım edilmiş olar

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü, professor Jalə Əliyeva “Müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair”  komitədaxili dinləmə zamanı çıxışında deyib.

Bildirib ki, eyni zamanda, bununla bu insanların könlünü almağa və onların qarşısındakı mənəvi borcu bir şəkildə yerinə yetirməyə yardımcı ola bilərik.

“Bununla yanaşı, heç şübhəsiz ki, həyatlarıını itirmiş vətəndaşlarımızın-Şəhidlərimizin adları dövlət tərəfindən əbədiləşdiriləcək, onların qəhrəmanlıqları unudulmayacaq. Mən onların hər birinin adının əbədiləşdirilməsini istəyirəm, xüsusilə, rayonlarda, qəsəbələrdə, kəndlərdə – bəlkə bu qədər küçə olmasa da – onların adlarının yaşadıqları yerin qarşısındakı bulaqlara, kəhrizlərə verilməsini təklif edirəm, məqsədəuyğun sayıram. Çünki yerli icra orqanları ilə danışıram, deyirlər ki, o qədər küçəmiz yoxdur. Yoxdursa, nə iləsə başqa şəkildə bu övladlarımızın adları əbədiləşdirilə bilər ki, nəticədə onların ailəsinin də yarasına su səpilmiş olar. Bu ailələr çox qürurludurlar, bu ailələr dimdik dururlar, “Vətən uğrunda gedib, Şəhid olub övladlarımız” deyirlər. Amma biz də bir şəkildə onların qarşısındakı xidmətimizi yerinə yetirmiş ola bilərik”-deyə, millət vəkili bildirib.

Millət vəkili  Jalə Əliyeva açıqlamasında isə bildirib ki, məlum təklifinin səsləndirilməsindən saatlar sonra, yəni, bu gün səhər saatlarında ölkə Prezidenti İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb.

Həmçinin, Prezidentin müvafiq Sərəncamı ilə adıçəkilən Fondun Himayəçilik Şurasının tərkibi təsdiqlənib.

“Şurada kifayət qədər tanınmış insanlar, ziyalılar təmsil olunurlar. Hesab edirəm ki, belə bir Fondun yaradılması və nüfuzlu şəxslərdən ibarət Himayəçilik Şurasının fortmalaşdırılması Şəhid ailələrinin, Qazilərimizin problemlərinin həllinə öz müsbət töhfələrini verəcək. Belə bir Fondun yaradılmasına görə, ölkə Prezidentinə də öz adımdan dərin minnətdarlığımı bildirirəm”-deyə, J. Əliyeva sözlərinə əlavə edib