“Dünya birliyi gerçəkliyi görür və bu konteksdən çıxış edir” Aydın Hüseynov

“BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan tam olaraq fiaskoya uğradı, havadarlarının Azərbaycana qarşı hansısa sənəd qəbul etdirmək cəhdi baş tutmadı. Azərbaycan diplomatiyası Prezidentimiz İlham Əliyev başda olmaqla növbəti və möhtəşəm qələbəsini qazandı. Son bir həftə idi ki, erməni mediası, Ermənistanın bütün dövlət strukrurları, Qarabağdakı erməni separatçıları Azərbaycanı gözdən salmaq, ölkəmiz haqqında BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdən əvvəl mənfi imic formalaşdırmaq, “humanitar fəlakət”, “uşaq ölümləri”, ermənilərin aclıq keçirməsi barədə yalan məlumatlar yaymaq üçün bütün imkanlarını səfərbər etmişdilər. Amma yalan ayaq tutsa da, yeriyə bilmədi. Ermənistan və onun arxasında duran beynəlxalq güclər acı məğlubiyyətlə üzləşdilər”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, BMT Təhlükəsizlik Şurasının iclasda dostlar və düşmənlər özünü açıq şəkildə göstərdi: “Ermənistandan başqa Fransa da ölkəmizə qarşı açıq qərəz nümayiş etdirdi, həm Qarabağda, həm də Ermənistan-Azərbaycan şərti sərhədindəki vəziyyəti təhrif etdi. Digər bəzi ölkələr isə bu məsələdə ərazi bütövlüyü və suverenlik amilini əsas götürdülər, haqqımızı tanıdılar, erməni yalanlarına dur deməyin vaxtının artıq çoxdan yetişdiyini vurğuladılar. O cümlədən, Ağdam-Xankəndi yolundan humanitar məqsədlər üçün istifadənin zəruriliyini qeyd etdilər. Müzakirələr bir daha onu göstərdi ki, dünya birliyi gerçəkliyi görür və bu konteksdən çıxış edir. Yalan, iftira, əsassız iddialar artıq keçmir. BMT TŞ-yə üzv olan 15 ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin olması, habelə BMT-nin ərazi bütövlüyümüzü tanıması rəsmi Bakını rahatladan məqamlardan idi. Qeyd etmək yerinə düşər ki, Azərbaycan BMT TŞ-nin iclasına hazırlıqlı getmişdi. Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin çıxışından da görmək olur. Onun arqumentləri, təqdim etdiyi foto-materiallar, sənədlər Bakının iclasa hazırlıq səviyyəsindən xəbər verirdi. Bir sözlə, Bakının əli güclü idi və qalib gəldi”.