Dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərclərinin artırılması təklif olunur

Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun Dürüstləşdirilmiş büdcədə layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanıb. Dürüstləşdirilmiş büdcədə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil etməsi təklif olunur.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iyunun 2-də keçirilən birgə iclasında deyib.

Komitə sədri bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 4 milyon manat həcmində gəlirləri əvvəlki ildə istifadə olunmamış vəsaitdən formalaşacaq. Dövlət Sosial Müdafiə Fondunun dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğinin 2023-cü ilin yanvarından 300 manatdan 500 manata qaldırılması xərclərinin qarşılanması üçün nəzərdə tutulub.