Düşmənin ağır texnikası və tankları belə məhv edilib-Vətən müharibəsinin sirləri-Video

Azərbaycan ordusunun 44 günlük müharibə zamanı düşmənin hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün tətbiq etdiyi, dünya hərb dərsliklərinə düşən unikal fəndin bəzi təfərrüatları üzə çıxıb.Söhbət sovet dövründən qalma və istismar müddətini başa vurmuş çoxsaylı AN-2 birmotorlu mülki təyyarələrinin (“Kukruznik” kimi tanınırdı) düşmənin hava hücumundan müdafiə qüvvələri üçün aldadıcı hava hədəfi kimi tətbiq edilməsindən gedir. Məhz bu fəndin sayəsində hərbi əməliyyatların birinci günündə düşmənin hava hücumundan müdafiə sistemlərinin, -sonradan qondarma “dqr təhlükəsizlik şurasının katibi” Samvel Babayanın da etiraf etdiyi kimi,-40 faizindən çoxu məhv edilmişdi.

Xatırladaq ki, AN-2 təyyarələri pilotsuz təyyarələr qismində tətbiq edilib və düşmənin hava hücumundan müdafiə qüvvələri onları əsl döyüş təyyarəsi kimi “tanıyaraq” radarlarını aktivləşdirib, “OSA-M” zenit-raket kompleksləri onlara atəş açıb və mövqe rayonlarını aşkarlayıb. Ardınca Azərbaycan ordusunun zərbə dronları və artilleriyası həmin HHM komplekslərini məhv edib.

Əvvəlcə belə təxmin edilirdi ki, “Kukruznik”lər ümumiyyətlə pilotsuz təyyarə kimi hava qalxıb və xüsusi avtopilot sistemi ilə təyin edilmiş hədəflərə doğru uçub. Amma belə məlum olur ki, onları pilotlar havaya qaldırıb və daha sonra paraşütlə atılıblar, təyyarələr isə avtopilot rejimində təyin edilmiş hədəflərə doğru uçublar. Bu zaman təyyarələrin içərisi partlayıcı və yanacaqla da doldurulub ki, əgər onları düşmən vurmasa özləri kamikadze-dron şəklində hədəfə dəyib partlasın.

Azərbaycan ordusunun yüksək rütbəli zabitləri İTV-də nümayiş etdirilən “Görünməyən qəhrəmanlar” sənədli filmində bu haqda danışıblar. Zabitlərin biri deyir ki, hərbi əməliyyatların birinci günündə, yəni sentyabrın 27-də Azərbaycan ordusunun əsas hücum istiqamətində 20 AN-2 təyyarəsi buraxıldı, nəticədə düşmənin “OSA-M” zenit-raket komplekslərinin mövqe rayonları aşkara çıxarıldı…

AN-2 təyyarələrinin pilotsuz təyyarələrə çevrilməsi və həmin məqsədlə tətbiq edilməsi üçün hazırlıqlar 2013-cü ildən başlayıb, tam məxfi şəraitdə həyata keçirilib.

XALQ.AZ