Əli Məsimli yazır-Biz qəhrəman gəncliyimizlə fəxr edirik!
Ruhu gənc olan hər kəsin Gənclər Günü mübarək olsun!
2 fevral-Azərbaycan Gəncləri Günüdür.Artıq beşinci ildir ki, Azərbaycan gəncləri öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncləri üçün də ən həlledici sınaqlardan biri oldu.Azərbaycan gənci məhz yüksək intellekt və çox güclü Vətən sevgisinin effektiv kombinasiyasının şərəfli daşıyıyıcısı kimi döyüşlərin əsas ağırlığını öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirdi və daha çox intellektual müharibə kimi səciyyələndirilən 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazdı. Vətən uğrunda şərəflə vuruşub öz adını Azərbaycan tarixinin, Azərbaycan xalqının adını isə QALİB XALQ kimi dünya tarixinın şanlı səhifəsiinə yazdıran,Şuşanı,bütün dünyada heyrət doğuran möhtəşəm hərbi əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin əksəriyyəti gənclərdir. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox,həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb.Bu zəfər həm də xalqımıza çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, xalqın milli mənliyini bərpa etdi və bu əsasda çox böyük sərvət olan süverenliyinini bərpa etməyi bacaran dövlət kimi ölkəmizin gələcək siyasi,iqtisadi,mədəni inkişafının yeni mərhələsinə yol açdı.Bu müharibədəki qələbəmizin tarixi,milli,mənəvi əhəmiyyəti və məsuliyyətinin məntiqi diqtə edir ki, bu şanlı qələbəmizi qoruyub saxlamaq və inkişaf etdirmkdən ötrü postmüharibə mərhələsində də biz bütün sahələrdə-iqtisadiyyatda, təhsildə, elmdə və digər sahələrdə rəqabət qabiliyyətli olmalıyıq.Bu yükün əsas hissəsini daha çox vətənpərvər, intellektli, istedadlı, eyni zamanda həm də müasir təfəkkürə,dünyagörüşünə malik sağlam düşüncəli, demokratik ruhlu şəxsiyyət kimi formalaşan gənclərimiz daşıya bilər.Azərbaycanın gələcəyi daha çox həmin keyfiyyətlərə malik, bütün şəraitlərdə böyük insan kimi qalmağı bacaran mübariz,rəqabət qabiliyyətli gənclərimizlə bağlıdır.44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda yüksək intellektual səviyyəyə,vətənpərvərlik hissinə, milli düşüncə və müllü qürüra malik gənclər formalaşıb.Əgər Azərbaycan gəncliyi iki əsrdən artıq bir müddətdə xalqımızı çox narahat edən problemin həllinin əsas ağırlığını öz üzərinə götürüb süverenliyimizin bərpası kimi çox ağır bir sınaqdan üzüağ çıxa, onu bütün dünyaya nümunə olan bir səviyyədə həllində öncül rol oynaya bilibsə, bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaracaqdır.
Biz qəhrəman gəncliyimizlə fəxr edirik.Müstəqil Azərbaycan dövlətinin inkişafında, möhkəmlnməsində və davamlı yüksəlişində gənclərimizin yeri,rolu və xidmətləri getdikcə artacaqdır.
Bu əlamətdar gündə vətən uğrunda canlarından keçənlərə Allahdan rəhmət diləyirik.Bu yolda,eləcə də 44 günlük Vətən müharibəsində və ondan sonra canından keçənlərin,şəhidlik zirvəsinə uca¬lanların əksəriyyəti gənclərimizidir.
Bu əlamətdar gün münasibətilə qalib xalqın gənclərini və cəmiyyətin hərəkətverici qüvvəsi hesab olunan,özünü gənc hesab edən,ruhu gənc olan hər kəsi ürəkdən təbrik edirik! Hər zaman canınız sağ,işləriniz avand, həyatınız xoş,parlaq, mənalı,yolunuz uğurlu,gələcəyiniz ürəyinizcə,bir sözlə həyatda yaxşı nə varsa,nəsibiniz olsun!!!
Gənclər Gününüz mübarək olsun!
Əli Məsimli
Milli Məclisin deputatı,iqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri