Günay Ağamalı: “Azərbaycanda vətənpərvər ruhda olan gəncliəri bütün dünyaya örnəkdir”
Azərbaycan gəncliyinin sosial, iqtisadi və mədəni inkişafını təmin etmək məqsədilə həyata keçirilən uğurlu gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub.
Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı açıqlamasında bildirib.
“1993-cü ilin iyun ayında xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi, onların yüksək səviyyədə təhsil almaları və sosial təminatlarının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirmişdi. Müxtəlif dövlət orqanlarında gənclərlə iş sahəsindəki fəaliyyətləri daha da səmərəli etmək üçün 1994-cü il 26 iyun Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bunun bariz nümunəsidir.
Bununla yanaşı, Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilməsi uğurlu gənclər siyasətini stimullaşdıran əsas faktorlardan biridir. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edildi”.
Millət vəkili vurğulayıb ki, Ümumilli Lider Heydər Əliyevin dövlətçilik ənənələrinin davamı kimi müasir Azərbaycan gəncliyinin müxtəlif sahələrdə aktiv iştirakı cənab Prezident İlham Əliyev tərəfindən də ən yüksək səviyyədə davam etdirilir:
“Gənclərimizin innovativ ideyalarının inkişafı, öz fərdi bacarıqlarını artırması və vizual sahələrdə yaradıcı fəaliyyətlərinin stimullaşdırılması prioritet istiqamətlərdən biridir. Məhz dövlət rəhbərimizin milli maraqlarımıza söykənən uzaqgörən siyasəti nəticəsində Azərbaycanda vətənpərvər ruhda, bütün dünyaya örnək olan gənclik yetişib.
Şuşanın sıldırım qayalarına əliyalın qalxan, cəsarətlə, çəkinmədən düşmən üzərinə yeriyən və torpaqlarımızı işğaldan azad edərək qürurumuzu bərpa edən vətən övladları Azərbaycan gəncliyinin simasıdır”.