Elnur Allahverdiyev: “Azərbaycan ərazilərinin bir hissəsində hələ də Ermənistanın hərbi birləşmələri qalır”

“Hadisələrin gedişatı 2020-c ilin yayında baş verən prosesləri xatırladır. Üç il bundan öncə Ermənistan faktiki olaraq danışıqlardan çıxmışdı, təmas xəttində hər gün hərbi təxribatlar törədilirdi, hətta bütün bunlar azmış kimi, Nikol Paşinyan Qarabağın Ermənistan olduğunu bəyan etmişdi. İndi də oxşar ssenari cərəyan edir”.

Bunu   Milli Məclisin deputatı, GUAM Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev son günlər Ermənistan-Azərbaycan şərti sərhədində artan gərginliyi şərh edərkən bildirib.

O qeyd edib ki, rəsmi Yerevan Xarici İşlər Nazirliyi vasitəsi ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirsə də, bu bəyanat yetərli deyil: “Azərbaycan ərazilərinin bir hissəsində hələ də Ermənistanın hərbi birləşmələri qalır. Ermənistan və Qarabağdakı separatçılar həm bölgənin, həm də yerli əhalinin Azərbaycana reinteqrasiyasına hər cür maneələr yaradırlar. Üstəlik, beynəlxalq müstəvidə, təşkilatlarda, dünya mediasında Azərbaycana qarşı yalan dolu qərəzli kampaniya aparılır. Bizi “genosid”də və blokadada suçlayırlar. Halbuki özləri özlərini blokadada saxlayırlar, yolların açılmasına əngəllər yaradırlar”.

Deputat deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti müəyyən dövlətlərin vədlərinə uyaraq özündən əvvəlkilər kimi xalqının və dövlətinin maraqlarına zidd siyasəti davam etdirir: “Bütün vədlər Ermənistandan öncə onları verən ölkələrin maraqlarına xidmət edir. Təəssüf ki, ermənilər tarixlərində növbəti dəfədir bu reallığı anlamırlar və özləri-özlərini təhlükə altına salırlar. Xaricdən silah alırlar, amma bununla Azərbaycana heç bir problem yarada bilməzlər. Bizim ordunun texniki təchizatı dəfələrlə çox, üstün və müasirdir. Şəxsi heyətimizin sayı ermənilərinkindən bir neçə dəfə çoxdur. İqtisadi durumumuzu müqayisə etməyə dəyməz.

Fikrimcə, vəziyyəti gərginləşdirən, eskalasiyanı artıran Ermənistan rəhbərliyi bunu bilir. Sadəcə onların başqa hesabları var. Yerevanda gördülər ki, saxta “soyqırımı” barədə yalanlar ayaq tutur, yerimir. Dünyada heç kim bu yalanlara inanmır, hamı doyub. Ermənistan isə sülh sazişini imzalamağa məcburdur. Əgər bu yalanlar işləmirsə, ermənilər məcburdurlar digər yalanlara əl atsınlar. Sərhəddə, təmas xəttində təxribat yaradaraq hərbi vəziyyəti gərginləşdirmək istəyirlər, Azərbaycandan tutarlı cavab aldıqda, növbəti dəfə “Dəmir yumruğ”u daddıqda dünyaya car çəkmək istəyirlər ki, “təcavüzə məruz qalıblar”. Hazırki durumun başqa izahı yoxdur”.

Deputat E.Allahverdiyev son günlərdə Ermənistan-Azərbaycan şərti sərhədində gərginliyin artdığı bir vaxtda Yerəvanda keçiriləcək seçkilərə diqqət çəkib: “Bir məqamı da unutmamalıyıq. Yerevanda mer seçkiləri keçirilir və Paşinyan paytaxtı itirməkdən qorxur. Ona görə ritorikasının belə sərtləşdirib ki, revanşist seçicilərin səslərini ala bilsin. Revanş arzusunda olan ermənilər xam xəyallardadılar. Seçkilərin müqəddəratı isə öz problemləridir. Cənab Prezident ötən ilin sonunda Ermənistana 2023-cü ili son şans kimi göstərib. Azərbaycan istənilən halda ərazisindən yad silahlı dəstələri çıxaracaq və Qarabağ iqtisadi rayonunda da Konstitusiyamızın aliliyi təmin olunacaq”.