Elnur Allahverdiyev görüş keçirdi

İyunun 22-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Elnur Allahverdiyev ölkəmizin Çex Respublikası ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini deyib. O, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, bu münasibətlərin inkişafında dövlət başçılarımızın rolunu yüksək qiymətləndirib.

İkitərəfli əlaqələrin dərinləşməsində qanunverici orqanların rolunu qeyd edən Elnur Allahverdiyev, Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə verdiyi dəstəyi xüsusi qeyd edib. O, başçılıq etdiyi işçi qrupun Azərbaycan həqiqətlərinin Çex parlamentinin diqqətinə çatdırılması sahəsində atılacaq ardıcıl addımlar barədə fikirlər söyləyib.

Qonaqların işğaldan azad olunmuş Ağdam şəhərinə səfərini qeyd edən Elnur Allhverdiyev, Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində aparılan irimiqyaslı tikinti-bərpa və abadlıq-quruculuq işlərində çex iş adamlarının da yaxından iştirakına ümidvar olduqlarını diqqətə çatdırıb.

Yan Kubik qəbula görə təşəkkür edərək, Çexiyanın dost Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək niyyətini vurğulayıb, yeni əməkdaşlıq imkanlarının araşdırılmasına ehtiyac olduğunu və Çexiyaya qayıtdıqdan sonra bu istiqamətdə müvafiq işlərin aparılacağını bildirib. O, çex iş adamlarının da Qarabağda gedən irimiqyaslı abadlıq-quruculuq işlərində iştirakının mümkünlüyünü qeyd edib.

Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Jalə Əhmədova, Nurlan Həsənov və  Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek çıxış edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.