Elnur Allahverdiyev: “İqtisadiyyatımızın bu istiqamətdə ciddi perspektivləri var”

Dövlətimiz müasir innovasiyalar və rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sferalarında tətbiqində maraqlıdır.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Deputat qeyd edib ki, bu sahədə fəaliyyət göstərən iri beynəlxalq şirkətlərin Azərbaycana marağı təsadüfi deyil. Xüsusilə indi, azad olunmuş Qarabağımızda bərpa işlərinin və yeni istehsal sahələrinin yaradılmasının aktual olduğu dövrdə. Prezident cənab İlham Əliyev bəyan edib ki, bərpa ediləcək şəhər və kəndlərimiz “ağıllı” yaşayış məntəqələri konsepsiyası ilə yenidən qurulacaq. İnnovasiyaların sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinə, ümumiyyətlə, iqtisadiyyatda tətbiqi və sınaqdan çıxarılması dövlətimizin diqqətindədir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə “İnnovasiyalar və iqtisadiyyatın davamlı inkişafı” mövzusunda dinləmələr keçirildi. Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun rəhbər heyətinin iştirakı ilə mövzu ətrafında maraqlı fikir mübadiləsi aparıldı. İqtisadiyyatımızın bu istiqamətdə ciddi perspektivləri var deyə deputat qeyd edib.