Elnur Allahverdiyev seçicilərinin istəklərini reallaşdırır-Fotolar

Ötən il Milli Məclisə keçirilən seçkilərin təşviqat kampaniyası çərçivəsində Bakının ən məşhur yerlərindən biri – “5 mərtəbə” adlanan binanın həyətində sakinlərlə görüşümüz oldu.

Bina 17 saylı Yasamal üçüncü seçki dairəsinin hüdudlarında yerləşir. Fevralın 5-i idi. Soyuq qış axşamı. Gənclər bizi çaya dəvət etdilər. Mehriban, səmimi və işgüzar söhbətimiz oldu. Seçicilərin arzularını, məhəllənin problemlərini dinlədik. Gənclərin ən böyük arzusu və yeganə istəkləri binanın həyətinin abadlaşdırılması və uşaqların asudə vaxtlarını keçirmələri üçün, stadion, idman qurğularının quraşdırılması idi.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev şəxsi facebook hesabında yazıb

Deputat bildirb ki,o vaxt söz verdik ki, bu istəyin reallaşması istiqamətində çalışacağıq.

Bir neçə ay sonra, sentyabrın 9-da “5 mərtəbə”yə bir daha getdik. Bu dəfə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla. Elşad müəllim də gənclərimizi dinlədi, fikir mübadiləsi apardıq və qərara gəldik binanın həyətində mərhələ-mərhələ abadlıq işləri həyata keçirilsin. Bu bina həm də onunla məşhurdur ki, tanınmış futbol hakimimiz Tofiq Bəhramov onun sakini olub. Təsadüfi deyil ki, başlanan abadlıq işlərinə futbol meydançasının quraşdırılması ilə start verdik. Bir həftəyə yaxındır ki, işlər gedir. Uzunluğu 25, eni 12 metr olacaq mini-meydança AFFA tərəfindən süni ot örtüyü ilə təmin olunacaq. Fürsətdən istifadə edərək, bu diqqətinə görə AFFA rəhbərliyinə bir daha minnətdarlığımızı bildiririk. Meydança işıqlandırılacaq ki, övladlarımız axşamüstü, dərs çalışmalarını yerinə yetirdikdən sonra rahat futbol oynaya bilsinlər. Növbəti mərhələdə meydança ətrafında abadlıq işləri, idman qurğularının quraşdırılması nəzərdə tutulub. Ardınca isə binanın həyətində sakinlərin rahatlığı üçün digər tədbirlər həyata keçiriləcək. Seçki ərəfəsində söylədiyimiz bütün fikirləri, layihələri həyata keçirməkdəyik. Bu işdə bizə dəstək verən hər kəsə – seçicilərimizdən tutmuş müxtəlif strukturlar, əsasən də Yasamal Rayon İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk. Biz birlikdə güclüyük!